internetdə

saytda

.: MƏTBUAT HAQQIMIZDA :.  
 

700 BAL TOPLAMAĞIN SİRRİ
28.11.2014

 
 
Qəbul imtahanlarında 700 bal toplamağın sirri nədir? Bu suala son imtahanlarda maksimum nəticə göstərən abituriyentlər cavab verirlər. Onlardan biri də Samir Zahid oğlu Rzayevdir. O, 2003cü ildə Bakı şəhər 246 saylı tam orta məktəbin birinci sinfinə gedib. Beşinci sinifdən təhsilini Bakı Dövlət Universitetinin nəzdindəki Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində davam etdirib. 2014cü ildə həmin liseyi qızıl medalla bitirib. Riyaziyyat fənnindən Bakı şəhəri üzrə keçirilmiş olimpiadanın qalibi olub. II ixtisas qrupu üzrə qəbul imtahanında 700 bal toplayaraq “ADA” Universitetinin“Biznesin idarə olunması” fakültəsinə daxil olub. Prezident təqaüdçüsüdür.
ANS PRESS Samirin uğurunun sirləri ilə oxuçularını da tanış edir. 
 
- İmtahan nəticələrin ailəndə necə qarşılandı?
- 700 bal ailəmiz üçün gözəl bir sürpriz oldu. Düzdür, sınaq imtahanlarında topladığım yüksək ballar, hardasa, valideynlərimdə rahatlıq yaradırdı, amma qəbul imtahanından danışanda həyəcanlarını gizlədə bilmirdilər. Məlum olanda ki, qəbul imtahanında 700 bal toplamış və üzərimə düşən vəzifəni gözləniləndən daha artıq səviyyədə yerinə yetirmişəm, valideynlərim hədsiz sevindilər. Onların əziyyətini itirmədiyim üçün mənə razılıqlarını bildirdilər. Amma eyni zamanda üzərimə yeni vəzifələr qoydular: ali məktəbdə mükəmməl təhsil almaq, xarici dili daha yüksək səviyyədə öyrənmək, universiteti fərqlənmə diplomu ilə başa vurmaq və s. Bir məqamı da qeyd edim: bacım 7‐ci sinifdə oxuyur. Mənim 700 bal toplamağım və bunun nəticəsində ailədə və ictimaiyyətdə mənə münasibətdə yaranan diqqət, rəğbət onun dərslərinə ciddi yanaşması üçün stimul olub.
 
 
- Məktəbi qızıl medalla bitirmisən, qəbul imtahanında da 700 bal toplamısan. Qazandığın bu iki uğur arasında hansı əlaqə var
- 700 bal toplamağım qızıl medalın təsdiqi idi. Mən aşağı siniflərdən əla qiymətlərlə oxumuşam və bunu axıra qədər davam etdirə bilmişəm. Qızıl medal almaq üçün tələb olunan bütün meyarlara cavab vermişəm. Məktəbimizin rəhbərliyinə, müəllimlərimə minnətdaram ki, mənim qızıl medala layiq olduğumu təsdiq etdilər. Qəbul imtahanı nəticələrim də bunun sübutu oldu. Qazandığm uğurlarda oxuduğum məktəbin və müəllimlərimin rolunu xüsusi
vurğulamaq istəyirəm. Burada təhsilin keyfiyyəti çox yüksəkdir və peşəkar pedaqoji kollektiv çalışır. Bizə məktəbdə aşılayırdılar ki, insanın cəmiyyətdə özünə layiqli yer tutması üçün, ilk növbədə onun dərin elmi biliyi olmalıdır. Şagird yoldaşlarım da yaradılmış bu şəraitdən maksimum səmərəliliklə yararlanırdılar. Məhz bunun nəticəsidir ki, sinfimizdəki şagirdlərin 25 nəfəri qızıl medala layiq görüldü.
 
 
- Qəbul imtahanlarına nə vaxtdan hazırlaşmağa başladın və hazırlıq prosesini necə qurdun?
- Mən ali məktəbə qəbula məktəbimizdə qurulmuş sistem üzrə hazırlaşmışam. Burada şagirdlər 9cu sinifdən başlayaraq ixtisas qruplarına bölünür. Seçdikləri qrupa daxil olan fənlər onlara gücləndirilmiş şəkildə tədris olunur. Bununla yanaşı, kurslar təşkil olunur, sınaq imtahanları keçirilir. Bunlar sırf ali məktəbə hazırlıq məqsədi daşıyır. Tarix və coğrafiya mənə nisbətən çətin gəldiyi üçün bu fənlərlə daha çox məşğul olurdum. Bu yolla zəif tərəflərimi müəyyənləşdirir, müvafiq bölmələrə diqqəti artırırdım. Bu baxımdan, TQDKnın təşkil etdiyi sınaq imtahanlarının da mənə çox faydası oldu. Sınaq imtahanlarında 10cu sinifdən iştirak etməyə başlamışdım. Builki sınaq imtahanlarında ən yüksək nəticəm 665 bal olmuşdu. Bu da məndə özünəinam hissini artırmışdı. Qeyd etdiyim kimi, aşağı siniflərdən dərslərimi yaxşı oxumağım həm hazırlıq müddətində, həm də qəbul imtahanında mənə çox kömək oldu.
 
 
- Qəbul prosesi ilə bağlı hansı mənbələrdən məlumat əldə edirdin?
- Qəbulla bağlı elan və məlumatları “Abituriyent” jurnalının saylarından TQDKnın rəsmi internet saytından və facebook səhifəsindən əldə edirdim. Elanların facebook səhifəsində də yerləşdirilməsi bizə çox kömək edirdi. Məlumdur ki, bu gün gənclər sosial şəbəkələrdən geniş istifadə edirlər. Ona görə yeni məlumatlardan operativ xəbər tutmaq üçün mən də TQDKnınfacebook səhifəsini izləyirdim.
 
 
- Bəzi abituriyentlər imtahanda həyəcanlandıqlarını və bu səbəbdən sualları cavabladırarkən çətinlik çəkdiklərini deyirlər. Sən də belə bir hal keçirmisənmi?
- Sınaq imtahanlarında dəfələrlə iştirak etməyimə baxmayaraq, qəbul imtahanında müəyyən qədər həyəcanlı idim. Lakin çalışdım ki, sualları diqqətlə oxuyum və düzgün cavablandırım. Bir neçə sualı cavablandırdıqdan sonra həyəcan keçdi və heç bir çətinlik çəkmədim. Dəqiq vaxtı deyə bilmərəm, amma imtahanın başa çatmasına xeyli qalmış mən bütün sualları cavablandırmışdım. Bununla belə, mexaniki səhvlərə yol verə biləcəyimdən ehtiyatlanırdım. Çünkü sınaq imtahanlarında belə səhvlərim olmuşdu. Xoşbəxtlikdən imtahanda belə hal baş vermədi.
 
 
- Dərsdənkənar vaxtlarda hansı işlərlə məşğul olursan?
- Vaxtımı, əsasən, ailəmlə keçirirəm. Bacıma dərslərində kömək edirəm. İdmana da həvəsim böyükdür. Müxtəlif vaxtlarda həvəskar kimi üzgüçülük və basketbolla məşğul olmuşam. Klassik ədəbiyyatımızı çox sevirəm. Boş vaxtlarımda Nizami Gəncəvinin poemalarını, Məhsəti Gəncəvinin rübailərini oxuyuram. XX əsr ədəbiyyatından isə Cəlil Məmmədquluzadənin hekayələrini mütaliə edirəm.
 
 
- Təhsilinin növbəti mərhələləri haqqında nə düşünürsən?
– Bakalavriat səviyyəsini bitirdikdən sonra təhsilimi xaricidə davam etdirmək fikrindəyəm. Hələlik hansı ölkəyə gedəcəyim haqqında konkret qərar verməmişəm. Amma düşünürəm ki, qəbul olduğum ixtisasın imkanları İngiltərədə daha böyükdür.
 
 
- Ali məktəbə qəbula hazırlaşan gənclərə tövsiyyən?
- Məqsədyönlü çalışsınlar, zəhmət çəkməkdən yorulmasınlar. Qəbul imtahanına konkret proqram üzrə hazırlaşsınlar, test tapşırıqları üzərində çox işləsinlər. Özlərində testlə işləmək vərdişi formalaşdırsınlar. Bu üsul həm də təkrar rolunu oynadığından zəif tərəfləri aşkar etməyə kömək edir.

www.anspress.com

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov