internetdə

saytda

.: MƏTBUAT HAQQIMIZDA :.  
 

“QAZANDIĞIMIZ NAİLIYYƏTLƏRİN ƏSAS SİRRİ FƏDAKARLIQ VƏ SƏMİMİYYƏTDİR”
12.04.2013

 
 
 
 
 “Zaman-Azərbaycan” qəzeti olaraq Azərbaycan təhsilinin inkişafında mühüm yerə sahib olan məktəblərin fəaliyyətlərini, nailiyyətlərini işıqlandırmağa davam edirik. Budəfəki müsahibimiz artıq 20 ildir Azərbaycanda təhsil fəaliyyəti göstərən Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin direktoru Kadir Bektaşoğludur.
- Azərbaycana gəlişiniz və buradakı təhsil fəaliyyətiniz barədə qısa məlumat verə bilərsinizmi?
- 1993-cü ildə Azərbaycana gəlmişəm. Artıq 20 ildir təhsil fəaliyyəti ilə məşğulam. Türkiyədə Qazi Universitetində təhsil alırdım, amma Bakı Dövlət Universitetində İlahiyyat fakültəsi açıldıqdan sonra oradakı təhsilimi dayandırıb bura gəldim. 1997-ci ildə İlahiyyat fakültəsindən məzun oldum. Həmin ildən 2013-cü ilə kimi əvvəl müəllim və müdir yardımçısı, 2005-ci ildən sonra isə müdir vəzifəsində çalışıram. Açıldığı gündən etibarən həm Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin, həm də liseyimizin bütün xərcləri Türkiyə Dəyanət Vəqfi tərəfindən qarşılanır.
 - Məktəbiniz son bir neçə ildir bir sıra uğurlara imza atır…
- Bizim məktəbin nailiyyətləri 2005-ci ildən başlayır. Ondan əvvəl, sadəcə, 2002-ci ildə bir məzunumuz respublika birincisi olmuşdu. 2005-ci ildən 2013-cü ilə kimi hər il ali məktəblərə qəbul olan məzunlarımızın faiz dərəcəsi 98-100% arasında dəyişir. 2012-ci ildə məktəbimizdən məzun olan 64 şagirdin hamısı ali təhsil müəssisələrinə daxil olaraq, 100%-lik nəticə göstərmişdir.  Bundan əlavə, məzunlarımızın 6 nəfəri 700 bal toplayaraq, ölkə birincisi olmuşdur ki, bu da Azərbaycan rekordu sayılır. Ötən ilin rəsmi statistik nəticələrinə görə məktəbimiz Azərbaycanda fəaliyyət göstərən türk liseyləri arasında və ölkə miqyasında 600 baldan yuxarı nəticə göstərən 31 məktəb arasında respublika birincisi olmuşdur. Ali məktəblərə qəbul imtahanlarının son 12 illik nəticələrinə görə,  məktəbimizin məzunlarından 13 nəfər ölkə birincisi, 4 nəfər ölkə ikincisi, 1 nəfər isə ölkə üçüncüsü olmuşdur.
 - Bütün bu müvəffəqiyyətlərin sirri nədədir?
- Heç bir qeyri-adi sirrimiz yoxdur. Məncə, bizim qazandığımız nailiyyətlərin əsas sirri fədakarlıq və səmimiyyətdir. Məktəbimizdə işləyən müəllim kollektivinin 70-80%-ni birbaşa mən özüm seçmişəm. Biz öz ixtisasını yaxşı bilən, vətəninə, millətinə, bayrağına bağlı olan kadrlara daha çox üstünlük verməyə çalışmışıq. Bütün uğurlarımızın təməlində azərbaycanlı müəllim kollektivimizin səmimiliyi, fədakarlığı durur. Əlbəttə ki, biz müəllimləri imtahan yolu ilə seçirik. Hər diplomu olan bizim müəssisədə işləyə bilməz. İmtahanlardan yüksək nəticə əldə edən namizədlərlə daha sonra müsahibəmiz olur, onların bir pedaqoq, şəxsiyyət kimi psixoloji xarakterini öyrənməyə çalışırıq. Müsahibədən də müsbət qiymət alanları altı aylıq sınaq müddətinə işə götürürük. İxtisasını yaxşı bilən bir təhsil işçisi müəllim ola bilər. Amma bildiklərini şagirdlərə çatdıra bilirmi, pedaqoqdurmu? Mən altı ay ərzində sınaq müddəti keçən müəllimləri məhz bu xüsusiyyətə görə dəyərləndirirəm.
 - Məktəbiniz əldə etdiyiniz müvəffəqiyyətlərlə yanaşı, həm də keçirilən dərslərin çətinliyi və ağırlığı ilə məşhurdur. Şagirdlər arasında məhz bu səbəbdən məktəbdən ayrılanlar varmı?
- Çox səmimi deyəcəm, dərs proqlarımız, həqiqətən, çox ağırdır. Bunun bir neçə səbəbi var. Birincisi, seçilmiş müəllimlərimiz bir an belə vaxt itirmədən şagirdlərə nəsə verməyə çalışır, onları sıxırlar. Bütün ixtisas fənlərinin ən yüksək səviyyədə keçirilməsinə diqqət edirik. Biz uşaqlarını bizə əmanət edən valideynlər qarşısında məsuliyyət daşıdığımızı dərk edirik. Liseydə, məni çıxmaq şərti ilə, 114 müəllimin hamısı Azərbaycan vətəndaşı olan qardaş və bacılarımızdır. Məktəbimizdə ümumilikdə 574-ü oğlan, 270-i qız olmaqla cəmi 844 şagird təhsil alır. Məktəbimizdə təhsil alan şagirdlər də ağır dərs proqramını mənimsəmə gücünə sahib olan seçmə uşaqlardı. Biz hər il 1300-1500 şagird arasından 100-110 nəfəri imtahan yolu ilə məktəbimizə qəbul edirik. Yer imkanımız az olduğu üçün təəssüf ki, yalnız 100-110 şagird qəbul edə bilirik. Qəbul olan şagirdlər çox savadlı övladlarımızdır. Məni bir tək şey narahat edir, o da şagirdlərimizin dərslərin ağırlığından sosial fəaliyyətlərə daha az vaxt ayırmalarıdır. Əslində biz bu ildən etibarən bilik, əyləncə, idman yarışlarına start vermişik. Bunu qarşıdakı illərdə daha da genişləndirmək və artırmaq niyyətindəyik. Əsas məqsədimiz şagirdlərimizin bütün yorğunluqlarını yenə məktəb içində ata bilmələri və digər sosial fəaliyyətlərdən də geri qalmamalarıdır.
 - Eşitdiyimə görə, şagirdlər arasında sizə “abi” deyənlər var. Bu səmimilik idarəçiliyə mane olmur?
- Mənə həm müəllimlər, həm şagirdlər, həm də məzunlarımız arasında abi deyənlər var. Əlbəttə ki, bir çoxlarına görə bu, idarəçilik sisteminə zidd bir şeydir. Amma, zənnimcə, bu səmimiyyət maneədən daha çox yardımçı olur. Şagird-müdir münasibətilə müqayisədə qardaş-abi münasibəti daha çox, təsir gücünə malikdir. Bu səmimiyyət məktəblilərin daha da fəal və səmimi olmasına səbəb olur. Fikrimcə, nə “abi” kəlməsi, nə də arada qurulmuş səmimiyyət idarəçiliyə heç bir əngəl törətmir, əksinə, kömək edir.
 - Məzunlarınızla əlaqəniz varmı, məzun olduqları məktəbi, müəllimlərini ziyarət edirlərmi?
- Mən bütün məzunlarımıza həmişə bir sözü deyirəm. Dünyanın hansı ölkəsində olursunuzsa olun, təhsilinizi tamamladıqdan sonra geri qayıdın, ölkə üçün, millət üçün çalışın, xidmət edin, siz orada qalıb maddi rahatlıq tapa bilərsiniz, amma mənəvi sakitliyi ancaq vətəndə əldə edə bilərsiniz. Bu sözün vaxtilə xeyriyyəçi Hacı Zeynalbadin Tağıyev tərəfindən də deyildiyini biləndə çox sevinmişdim. Məzunlarımızın, demək olar ki, 80%-i ilə hələ də səmimi, mehriban əlaqələrimiz var. İldə bir-iki dəfə onları bir yerə toplayırıq.
 - Qeyd etdiniz ki, yer imkanları səbəbindən çox sayda şagird qəbul edə bilmirsiniz. Bu problemin həlli üçün hansısa bir addım atmağı düşünürsünüzmü?
- Bizim məktəb köhnə yataqxana binasında yerləşdiyi üçün imkanlarımız çox məhduddur. Siniflərimiz, laboratoriyalarımız, idman meydançalarımız standartlara uyğun olmadığı üçün çox çətinlik yaşayırıq. Məhz bu səbəbdən həm Türkiyə Dəyanət Vəqfi, həm də Azərbaycan dövlət rəsmiləri ilə yeni binanın inşası ilə bağlı görüşlərimiz olub. Çox yaxın zamanda Bakının Yasamal rayonu ərazisində Azərbaycanın çox gözəl təhsil müəssisələrindən birinin inşasına başlanılacaq. Bütün xərclər Türkiyə Dəyanət Vəqfi tərəfindən qarşılanacaq. Zənnimcə, bu cür çətin şəraitdə əldə etdiyimiz müvəffəqiyyətlər yeni məktəb binasının sayəsində ən azı iki dəfə artacaq. Yeni məktəb binasının inşası bitdikdən sonra ildə 200-dən çox şagird qəbul etməyi düşünürük.
- Məktəbdə, dərs sistemində hansısa yeniliklər varmı və ya gözlənilirmi?
- Əlbəttə ki, biz daim axtarışdayıq. Dərslərimizi daha da mükəmməl şəkildə tədris etmək üçün həm yerli, həm də əcnəbi təcrübələrdən yararlanırıq. Məsələn, ötən ildən etibarən şagirdlərimizi doqquzuncu sinifdən başlayaraq ixtisas fənlərinə uyğun şəkildə bölməyə başladıq. Bu, maddi olaraq bizim üçün çox ağır yükdür. Ancaq məhz bu yeni sistemlə şagirdin dərslərə olan marağı ölmür, əksinə, 11-ci sinfə kimi seçdiyi ixtisas qrupuna çox gözəl hazırlaşma şansı əldə edir. Bacarığı və biliyi olan uşaqlar bu imkanı dəyərləndirsələr, onların məktəbdən sonra hər hansısa hazırlıq kursuna getmələrinə ehtiyac da qalmayacaq. Bundan əlavə, nizam-intizamla bağlı tətbiq etdiyimiz bir sıra yeniliklər var. Biz təkcə ali məktəblərdə yüksək nəticələr əldə edəcək şagirdlər deyil, cəmiyyət üçün xeyirli insanlar yetişdirməyi də özümüzə hədəf seçmişik. Məqsədimiz iki qardaş ölkənin dostluq təməllərini möhkəmləndirən, yüksək bilik, mədəniyyət və əxlaq anlayışını mənimsəyən, Azərbaycan dövlətinin mənafeyini qoruyan, milli hədəflərə sadiq, vətəninə, millətinə və bayrağına sahib çıxan gənclər yetişdirməkdir.

"Zaman" qəzeti 

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov