internetdə

saytda

.: MƏTBUAT HAQQIMIZDA :.  
 

700 ZİRVƏSİNİN 7 FATİHİ
29.07.2010

 
 
Ali məktəblərə qəbul imtahanlarında ilk dəfə 700 bal (6 nəfər) 2008-ci ildə toplanılıb. Ötən ilki imtahanlarda isə 2 nəfər 700 bal toplaya bilmişdi. Bu il isə rekordçuların sayı 7 nəfərdir.
Onlar yeddi nəfərdir və hazırda tələbə adını qazanmaq üçün hər kəsin həsəd aparacağı ən yüksək göstəricini əldə ediblər. Bəziləri hələ imtahandan əvvəl bu uğuru əldə edəcəyinə tam əmin olub, bəziləri isə hər cür hazırlığa rəğmən yenə bir balaca həyəcan hissi keçirib. İlkin Məsimov, Aydan Həsənova, Esmira Baxşəliyeva, Nəriman Məmmədli, Aygül Tanrıverdiyeva (hamısı Bakı), Günel Abdullayeva (Şəki), İsmayıl Kazımov (Mingəçevir) bu gün ölkəmizin ən populyar, örnək göstərilən gəncləridir. Biz də 110 minə yaxın abituriyentin iştirak etdiyi bilik yarışında ən yüksəl bal  toplayan bu gənclərlə həmsöhbət olduq.
 
“Evin hər tərəfini “700 bal yığacaqsan” yazıları bəzəmişdi”
Özünü IV ixtisas qrupunda sınayan Bakı şəhərindəki 115 saylı məktəbin məzunu Aygül Tanrıverdiyeva imtahandan əvvəl 700 bal yığacağından əmin olmadığını bildirərək, bu nəticənin səbəbini belə izah etdi: “Hər dəfə TQDK-nın keçirdiyi sınaq imtahanlarında mexaniki səhvlərimin ucbatından 650 - 680 bal toplayırdım. 700 bal yığmağa özümə söz verərək imtahandan əvvəlki iki ayda daha çox çalışdım”. Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin məzunu, II qrup üzrə maksimal bal toplayan İlkin Məsimov da 700 balın onun üçün sürpriz olduğunu, bu uğuru qazanmaqda anasının xüsusi rolunun olduğunu qeyd edərək belə dedi: “700 bal toplayacağıma anam daha çox inanırdı. Bacım isə evin hər tərəfini “700 bal yığacaqsan” yazıları ilə bəzəmişdi. Onlar hər dəfə mənə deyirdilər ki, sən bunu bacaracaqsan. İmtahan zamanı isə bütün suallara 1 saat 30 dəqiqə ərzində cavab verəndə artıq maksimum bal toplayacağıma əmin oldum”.
Bütün suallara doğru cavab vermiş yeddi abituriyentin hər biri sistəmli şəkildə hazırlaşdıqlarını, imtahana iki qalmış daha çox çalışdıqlarını, hətta il boyu istirahətə də yer ayırdıqlarını vurğuladı.
 
Maksimallar iki universitetə üstünlük verirlər
Abituriyentlərlə söhbət zamanı bəlli oldu ki, onlar seçim zamanı iki universitetə üstünlük veriblər. Belə ki, IV ixtisas qrupu üzrə Esmira Baxşəliyeva, Aygül Tanrıverdiyeva və Aydan Həsənova Azərbaycan Dövlət Tibb Universitetində, I ixtisas qrupu üzrə Nəriman Məmmədli və Günel Abdullayeva, II ixtisas qrupu üzrə İsmayıl Kazımov və İlkin Məsimov isə Qafqaz Universitetində təhsil almaq niyyətindədir. Bundan başqa maraqlı bir fakt da budur ki, 700 bal toplayan 7 nəfərin 5-i “Araz” hazırlıq kurslarının dinləyiciləridir. Kurs hazırlığı ilə repititor hazırlığı arasındakı fərqə Türkiyə Dəyanət Vəqfinə aid Bakı Özəl Türk Liseyinin məzunu Nəriman Məmmədli belə münasibət bildirdi: “Kurslarda dərslər daha sistemli və proqramlı şəkildə keçilir. Bundan əlavə kurslarda hazırlanmış ədəbiyyatın - dərsliklərin mənə xüsusi köməyi oldu”. Şəki rayonundan ilk dəfə I ixtisas qrupu üzrə maksimal bal toplayan Kiçik Dəhnə kənd orta məktəbinin yetirməsi Günel Abdullayeva isə kursda hazırlaşmağın üstünlüyünü belə izah etdi: “Müəllim yanına gedərkən abituriyentin vaxt itkisi çox olur, bundan əlavə, fikir dağınıqlığı da yaranır. Kurslarda isə tədris kompakt şəkildə aparıldığı üçün vaxtın itirilməsi minimuma endirilir. Daha bir üstünlük ondan ibarətdir ki, hər həftənin sonunda keçdiyimiz dərslərdən test imtahanı verirdik. Bu da istər dərslərin təkrarlanması, istərsə də, imtahana psixoloji cəhətdən hazırlıq baxımından çox əhəmiyyətlidir”.
 
Uğurun qazanılmasında TQDK-nın da payı az deyil
Bakı Türk Liseyinin yüksək bal toplayan daha bir məzunu Aydan Həsənova TQDK-nın fəaliyyətini qiymətləndirərək imtahanların yüksək səviyyədə keçirildiyini söylədi: “İmtahanda verilmiş suallar çox gözəl tərtib olunmuşdu. Suallar həm məntiqli idi, həm də çətinlik baxımından bütün səviyyələri əhatə edirdi”. TQDK-nın sədri Məleykə Abbaszadənin il ərzində kütləvi informasiya vasitələri ilə ictimaiyyəti məlumatlandırdığından razı-lığını bildirən A. Həsənova öz xahişini də dilə gətirdi: “Məlum olduğu kimi, sınaq imtahanları qəbul imtahanından 2 ay əvvəl başa çatır. Mənə belə gəlir ki, sınaq imtahanlarının vaxtının bir az da uzadılması daha səmərəli olardı. Çünki bu, imtahan öncəsi bizim real imkanlarımızı daha dolğun əks etdirərdi”. Mingəçevir şəhərindən də  ilk dəfə 700 bal toplayan, Nizami Gəncəvi adına məktəbin şagirdi İsmayıl Kazımov isə deyilənlərə əlavə olaraq öz təklifini də irəli sürdü: “Ali məktəblərə hazırlaşarkən TQDK-nın sınaq imtahanlarının köməyi danılmazdır. Ancaq təklif edərdim ki, regionlarda imtahanlar ya eyni vaxta keçirilsin, ya da müxtəlif vaxtda keçirilən imtahanlarda verilmiş suallar fərqli olsun. Məsələn, Şəkidə keçirilən sınaq imtahanında iştirak edən abituriyent sualları bizim məktəbə də gətirir. Beləliklə, biz imtahana girməmişdən əvvəl artıq imtahan sualları ilə tanış oluruq. Bu isə bizim imtahan hazırlığımızın real səviyyəsini əks etdirmir”. İlkin Məsimov isə köməkçi vəsaitlərin hazırlıq prosesinə önəmli təsirini belə ifadə etdi: “TQDK-nın ingilis və Azərbaycan dilləri üzrə bu il işıq üzü görən kitabları hazırlıq müddətində çox yararlı oldu. Məncə, təkcə bu kitabları oxumaqla da bütün suallara doğru cavab vermək mümkündür”.
 
Uğura görə hədiyyə almaq çox xoşdur
Böyük uğura imza atan yeddi gənclə söhbət zamanı onların maddi baxımdan çox da imkanlı ailələri təmsil etmədiklərinin şahidi olduq. Çalışqanlığı və əzmkarlığı nəticəsində 700 bal toplayan, Bakı şəhərindəki 72 saylı orta məktəbin məzunu Esmira Baxşəliyeva sadə bir ailənin övladı olduğunu dilə gətirərək əlavə etdi: “Anam evdar xanım, atam isə mühəndisdir”. Təsadüfi deyil ki, İlkin Məsimov, Günel Abdullayeva, Aydan Həsənova və İsmayıl Kazımov müəllim ailəsində dünyaya göz açıblar.
Onların uğur qazanmasında həvəsləndirici vasitələrin böyük rol oynadığını deyən İsmayıl Kazımov: “ İmtahandan əvvəl Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev bizim məktəbə gəlmişdi. O, söz verdi ki, kim 700 bal toplasa, həmin şəxsə maşın hədiyyə edəcək”-dedi.  İlkin Məsimovun hədiyyəsini isə valideynləri elə imtahan günü alıblar. Kreditlə alınmış maşın İ. Məsimovun lap ürəyincə olub: “Məktəbimizin direktoru Tarıyel Talıbov da 700 bal topladığımı öyrənəndə noutbuk hədiyyə edəcəyinə söz verdi”.
Gənclərlə söhbət zamanı o da bəlli oldu ki, onlar ali məktəblərə qəbul olmaq üçün yalnız son iki-üç ildə deyil, dərsə, elm öyrənməyə olan maraqları ibtidai sinifdən başlayıb. Bu bir daha TQDK-nın sədri Məleykə xanımın “Hər bir kəsdə dərsə, kitaba olan münasibəti uşaqlıqdan formalaşdırmaq lazım-dır. Uşaq erkən yaşlarından ailədə mütaliəyə, biliyə maraq görməlidir. Əsas odur ki, uşağı sevəsən, onunla məşğul olub vaxtını sərf edəsən. Hər uşağın içində bir istedad var. 17 yaşınadək bir ağac sulanmayıbsa və quruyubsa, sonradan o ağaca nə qədər su töksən də yaşıllaşmayacaq”- fikirlərini təsdiq edir.

Zaman qəzeti 

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov