internetdə

saytda

.: MƏTBUAT HAQQIMIZDA :.  
 

BAKI TÜRK LİSEYİNİN YENİ BİNASININ AÇILIŞ MƏRASİMI OLUB
31.10.2017

 
 
Oktyabrın 31-də Türkiyə Diyanət Vəqfinin Bakı Türk Liseyinin yeni binasının açılış mərasimi olub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan tədbirdə iştirak edib.
Türkiyənin birinci xanımı Əminə Ərdoğanı liseyin şagirdləri qarşıladılar. Onların ifasında Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndi. Sonra şagirdlər vətənpərvərlik mövzusunda mahnılar oxudular, şeirlər söylədilər.
Tədbirdə çıxış edən Türkiyə Diyanət Vəqfinin qurucusu Tayyar Altıkulac Azərbaycan ilə Türkiyənin dost və qardaş ölkələr olduğunu vurğuladı. O, hələ Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi ilk vaxtlarda təhsil sahəsində əməkdaşlıq üçün bir qrup həmkarı ilə Bakıya gəldiyini xatırlatdı. “Məqsədimiz yetişdirdiyimiz gənclərin Azərbaycana layiqli vətəndaş olmasıdır”, - deyən T.Altıkulac liseyin çox böyük uğurlar qazandığını bildirdi. Qeyd etdi ki, lisey ilk vaxtlar Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərib. Türkiyə Diyanət Vəqfinin maliyyələşdirdiyi liseydə hazırda 823 şagird təhsil alır və burada 112 müəllim çalışır. Liseyin məzunları Azərbaycanla yanaşı, ABŞ, Macarıstan, Kanada, Böyük Britaniya, İtaliya, Polşa, Hollandiya və digər ölkələrin nüfuzlu ali məktəblərində təhsillərini davam etdirirlər.  
“Bu lisey bizim iftixarımızdır”, - deyə Türkiyənin birinci xanımı Əminə Ərdoğan mərasimdəki çıxışında Bakı Türk Liseyini belə səciyyələndirdi. O vurğuladı ki, burada təhsil alan şagirdlər Azərbaycanın inkişafına və iki qardaş ölkənin əlaqələrinə öz töhfələrini verəcəklər. Azərbaycanla Türkiyənin bütün sahələrdə münasibətləri yüksək səviyyədədir. Biz “bir millət, iki dövlət” olduğumuzu hər zaman sübut etmişik.
Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirindən bir neçə misra söyləyən Türkiyənin birinci xanımı gəncləri öz ölkəsinə ali təhsil almağa, iki dövlət arasında münasibətlərə yeni çalar qatmağa, mədəni və elmi əlaqələri daha da inkişaf etdirməyə səslədi. Əminə Ərdoğan Türkiyə və Azərbaycan bayraqlarının hər zaman yüksəklərdə dalğalanmasını arzuladı.
Sonra liseyin binasının rəsmi açılışını bildirən rəmzi lent kəsildi. Əminə Ərdoğan sinif otaqları ilə tanış oldu.
Xatırladaq ki, bina Türk İnkişaf və Əməkdaşlıq Agentliyinin (TİKA) maliyyə dəstəyi ilə bərpa edilib.  

 

     
     
     
     
     
 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov