internetdə

saytda

.: MƏTBUAT HAQQIMIZDA :.  
 

700 BAL YIĞMANIN SİRRİ - LİSEYİMİZİN MƏZUNU FƏRİD HÜSEYNOVLA MÜSAHİBƏ
26.07.2010

 
 
- 700 bal yığdığını biləndə hansı hissləri keçirdin?
- 7 il təhsil aldığım müəllim və valideynlərimin mənim ücün etdiklərinin qarşılığını təşəkkür edə bilmə imkanını yaşadığım üçün sevinc hissi keçirdim.
- Ailən 700 bal yığmağını necə qarşıladı?
- Əlbəttə ki,ailə üzvlərim bu xəbəri eşidəndə çox sevindilər. Xüsusilə nənəm öz sevinc göz yaşlarını saxlaya bilmədi.
- İmtahandan öncə 700 bal yığacağını gözləyirdin?
- Bəli, gözləyirdim. Aşagı siniflərdən özümdə bu potensialı hiss edirdim.
- Bu uğurda öz əməyinlə yanaşı kimin və ya kimlərin əməyi olub?
- Bu nəticəni əldə etməyimdə,bəlkə də,özümdən daha çox fədakar müəllimlərim və valideynlərimin əməyi olub. 11 il müddətində hər səhər məni məktəbə yola salan və əziyyətimi çəkən anam, hətta bəzən dərsdən sonra bizimlə bərabər dərslərimizdə bizə kömək edən, çətinlik çəkdiyimiz mövzuları izah edən, böyük fədakarlıq güstərən müəllimlərim olmadan mən bu uğuru əldə edə bilməzdim.
- İmtahan prosessində həyacan keçirdin?
-Yox, keçirmədim. Çünki həm imtahana tam hazır olduğumu, həm də həyəcanın abituriyentə ən böyük maneələrdən biri olduğunu bilirdim.
- Hədəfində hansı universitetdir və səbəbi?
- Hələ dəqiq seçim etməmişəm. Lakin böyük ehtimalla təhsilimi xaricdə davam etdirmək fikrindəyəm. Xaricdə təhsil alaraq və xarici təcrübəni mənimsəyərək gələcəkdə ölkəmə daha yaxşı şəkildə xidmət edə biləcəyimi düşünürəm.
- Qəbul imtahanlarına nə vaxtdan və necə hazırlaşırdın?
- Qəbul imtahanlarına 9-cu sinifdən (II qrupa) hazırlaşmağa başladım. Onu deyim ki,hazırlaşdığım müddətdə liseydən kənarda heç bir hazırlığa getməmişəm. Yalnız öz liseyimizin müəllim kollektivi ilə hazırlaşmışam.
- Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyini seçməkdə səbəbin nə idi?
- Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinə 4-cü sinfi bitirdikdən sonra qəbul oldum. Bu təhsil ocağını əslində mən yox, anam seçmişdi. Lakin sonralar liseyin gələcək həyat və karyeramda oynadığı baza rolunu dərk etdikcə, burada təhsil almağın nə qədər böyük bir şans olduğunu anladım.
- Liseyə qəbul olarkən hədəfində TQDK imtahanında 700 bal yığmaq var idimi?
- Əslində mən 1-ci sinifdən dərslərimi yaxşı oxuyurdum, ümumiyyətlə, oxumağa böyük həvəsim var. Liseydə təhsilimi davam etdirdikcə belə bir nəticəni göstərmək potensialımın olduğunu hiss etdim və bunu qarşıma məqsəd qoydum.
- Gələcəyinlə bağlı planların necədir?
- Gələcəkdə təhsilimi biznes sahəsində davam etdirmək. Bu sahədə peşəkar kadr olaraq vətənimə ən yaxşı şəkildə xidmət etmək istəyirəm.
- Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi həyatında hansı izləri buraxdı?
- Bu liseyin mənim üçün nə demək olduğunu sözlərlə ifadə etmək qeyri-mümkündür. Mən Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində yüksək keyfiyyətli təhsil almaqla yanaşı, mənə səmimi dost və qayğıkeş valideyn əvəzi olan, şagirdlərinin dərdlərini, problemlərini təmkinlə dinləyib onlara düzgün məsləhətləri verən,onlar üçün əlindən gələni əsirgəməyən müəllimlər, səmimi və mehriban kollektiv, yaxın və sadiq dostlar qazandım.Dəyanətdə yaşadığım illər və xatirələrin həyatımdakı ən gözəl anlar olduğunu düşünürəm.
- 700 bal yığmağın sirrini nədə görürsən?
- Ümumiyyətlə,hər hansı bir işdə yüksək nəticə əldə etmək üçün 2 faktorun digərlərinə nisbətdə daha çox əhəmiyyətli olduğunu düşünürəm. İlk növbədə, gərək öz məsuliyyətini dərk edəsən və qarşına konkret hədəf və məqsədlər qoyasan. İstənilən çətinliyə baxmayaraq qarşına qoyduğun məqsədlərdən imtina etməyəsən.
İkinci, bəlkə də daha əhəmiyyətli amil isə bu işdə onu müşayət edən təcrübəli, bilikli və səmimi müəllimlərin olmasıdır. Bu iki amil varsa, fikrimcə, digər amillər də avtomatik şəkildə öz yerini tapır.
Son olaraq, mənim üzərimdə əməyi və əziyyəti olan hər kəsə, başda müdirimiz Qədir müəllim və sinif rəhbərim Yusif müəllim olmaqla, mənə 1-ci sinifdən 11-ə dək dərs demiş bütün müəllimlərə və valideynlərimə dərin təşəkkürümü bildirirəm.
 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov