|
Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyininin məzunu TQDK-nın ali təhsil müəssisələrinə keçirdiyi qəbul imtahanında
I qrup üzrə maksimum 700 bal
toplayan Tural Ağayevlə
müsahibə:
- 700 bal yığdığını biləndə
hansı hissləri keçirdin?
- Əlbəttə ki, sevindim. Mənə də bəlli idi ki, bu nəticə mənə həm ölkəmin bütün universitetlərinə, həm də bəzi xarici universitetlərə giriş qapısının açarı olacaq. Sevindim ki, bu nəticə ilə təhsil karyeramı gələcəkdə daha uğurlu şəkildə davam etdirə bilərəm. O cümlədən məndən bu nəticəni gözləyənlərin ümidlərini doğrultmaq çox qürurverici idi.
- Ailən 700 bal yığmanı necə qarşıladı?
- Onlar da qürur hissi keçirdilər. Hətta anam ilk dəfə eşidəndə sevinc göz yaşlarını saxlaya bilmədi. Valideynlərim, həmçinin də qardaşım, məndən bu nəticəni gözləyirdilər. Onlar üçün bu çox da təəccüblü olmadı.
- İmtahandan öncə 700 bal yığacağını gözləyirdin?
- Bəli, hələ daha öncədən özümdə bu potensialı görürdüm. Amma heç vaxt da arxayınlaşmamışdım. Xüsusən də bildirmək istəyirəm ki, əgər müəllim şagirddən 700 bal gözləyirsə, həmin şagirdin başqa bir şey fikirləşməyə haqqı yoxdur.
- Bu uğrunda öz əməyinlə yanaşı, kimin və ya kimlərin əməyi olub?
- Sözsüz ki, ailəm və müəllimlərin adlarını çəkmədən bu suala cavab verə bilmərəm. Elmin sirləri ilə bərabər bizi həyata tərbiyəli və dürüst gənc kimi hazırlayan müəllimlərim biz şagirdlərindən heç bir köməyi əsirgəməyiblər. Mənə maddi və mənəvi dəstək olan ailəmin zəhmətini isə sözlə ifadə edə bilmərəm.
- İmtahan prosessində həyacan keçirdin?
- İmtahan günü səhər özümdən asılı olmayaraq məndə cüzi təlaş hissi vardı. Yaxşı ki, bu ciddi problemlərlə nəticələnmədi. Sualları düzgün cavablandırdıqca adaptasiya olmağa başladım və özümü rahat hiss etdim. Gələcək abituriyentlərə də məsləhət görürəm ki , uğura gedən yol başlanğıcda həyəcanı məğlub etməklə başlayır.
- Hədəfində hansı universitetdir və səbəbi?
- Xarici universitetlərlə maraqlanıram. Düşünürəm ki, xaricdə təhsil alsam, ölkəmi gələcəkdə mühəndislik sahəsində inkişaf etdirə bilərəm. Xüsusən təyyarə mühəndisliyi ölkəmdə ciddi inkişafa ehtiyac olan sahələrdəndir. Düşünürəm ki, mən də bu sahədə faydalı ola bilərəm.
- Qəbul imtahanlarına nə vaxtdan və necə hazırlaşırdın?
- VIII sinfin sonundan etibarən I qrup üzrə hazırlaşmaq qərarı verdim. İxtisas fənlərinə hələ VII sinifdən etibarən ciddi yanaşmağım, əldə etdiyim bilik təməli mənə son ildə daha rahat olmağıma şərait yaratdı. Gündəlik sistemli şəkildə dərs oxuyanda imtahan əvvəli özünü hazır hiss edirsən. Həmçinin, bilikləri təkrar edərək möhkəmləndirmək də imtahanda çətin sualların öhdəsindən gəlməyə kömək olur.
- Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyini seçməkdə səbəbin nə idi?
- Bu liseyi seçməyi qardaşım məsləhət gördü. Yaxşı anlayırdım ki, son 3 ili bu liseydə təhsil almağım mənə uğur qazanmağımda böyük kömək olacaq. Liseyin nailiyyətlərini bilirdim, buradakı dərs sistemi məni qane etdiyindən burada təhsilimi davam etdirmək istədim. Fikrimcə 3 il əvvəl bu qərarı verməsəydim, bu gün mən 700 bal toplayanlar arasında olmazdım.
- Liseyə qəbul olarkən hədəfində TQDK imtahanında 700 bal yığmaq var idimi?
- Açığı desəm, yox! Bir maraqlı amili bildirim ki, liseyə qəbul olmazdan əvvəl heç vaxt imtahanlarda 600 balı keçməmişdim. Liseydə təhsilimi davam etdirəndən isə əksərən 600 bal nəticə qazanmışam.
- Gələcəyinlə bağlı planların necədir?
- Magistr təhsilindən sonra yaradıcı bir kadr kimi çalışmaq istərdim. Ümumiyyətlə, yenilik və inkişaf olmadan çox çətin ki bir işçi uğur əldə etsin!
- Türkiyə Dəyanət Vəqfi Bakı Türk həyatında hansı izləri buraxdı?
- 3 il bu liseydə təhsil almağıma baxmayaraq, həyatımda bu liseylə bağlı maraqlı anlarım az olmadı.
Müdüryani imtahanının xatirələri, müəllimlərin zarafatları və eyni zamanda danlaqları yaddaşımda dərin iz buraxıb.
- 700 bal yığmağın sirrini nədə görürsən?
- Ümumiyyətlə, bu uğur 11 illlik təhsil həyatı ərzində 2-3 cəhdlə qazanılan və 2-3 cümlə ilə ifadə edilən bir nəticə deyil. Bunun üçün 11 il ərzində sistemli şəkildə oxumaq lazımdır. Adi vaxtda gündə 1 saat , imtahan ərəfəsində isə 10 saat dərs oxumaqla uğur qazanmaq olmaz. Bundan başqa abituriyentlər hər zaman məqsədlərinə çatacaqlarına inanmalıdırlar. Bəzən çətinliklər, uğursuzluqlar bir neçə problemə yol aça bilər. Lakin qətiyyən həvəsdən düşmək olmaz. Onlar gələcəyə pozitiv yanaşmalıdırlar.
|
|