internetdə

saytda

   
 

PREZİDENT TƏQAÜDÇÜSÜ, BANM-IN TƏLƏBƏSİ: “PLANIM EKOLOJİ TƏMİZ UŞAQ QIDASI İSTEHSAL EDƏN ŞİRKƏT QURMAQDIR” - MÜSAHİBƏ
14.03.2016

 
 

 

Zəkizadə Nərmin Nizami qızı 16 may 1997-ci ildə Bakı şəhərində anadan olub. İbtidai təhsilini Nizami rayonunda yerləşən “Zəngi” liseyində alıb. Daha sonra təhsilini Yasamal rayonunda yerləşən Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində davam etdirib. 2015-ci ildə həmin məktəbi qızıl medalla bitirib. Təhsil aldığı illər ərzində təhsildə fərqləndiyinə görə, hər il fəxri fərman və tərifnamələr alıb. Müxtəlif məktəb və kursların keçirdiyi bilik yarışlarında qaliblər sırasında olaraq diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb. 2015-ci ildə Təhsil Nazirliyi tərəfindən 11-ci sinif şagirdləri arasında keçirilən Respublika Fənn Olimpiadalarında “Riyaziyyat” fənni üzrə bürünc mükafatçı olub. 2015-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi qəbul imtahanında 691 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya mühəndisliyi” ixtisasına daxil olub. Prezident təqaüdçüsüdür. “Report” Nərmin Zəkizadənin müsahibəsini təqdim edir:
- Qəbul imtahanı necə keçmişdi? İmtahandan qabaq və imtahandan sonra hansı təəssüratlarla yadda qalıb?
- İmtahan çox obyektiv keçmişdi. Sınaq imtahanlarından fərqli olaraq qəbul imtahanına çox rahat və həyəcansız girdim. İmtahanda suallarla tanış olduqdan sonra 700 bal yığacağıma əmin idim. İmtahandan çıxarkən isə cavab kartına köçürdüyüm zaman buraxdığım texniki səhvlərə görə maksimal nəticəni itirdiyimi bildiyim üçün çox mütəəssir oldum.
- Sınaq imtahanlarında nəticələrin necə olub? Qəbul imtahanında yüksək bal toplayacağına inanırdınmı?
-Tək TQDK-nın deyil, müxtəlif kursların keçirdiyi sınaq imtahanlarına mütəmadi olaraq gedirdim və maksimala yaxın nəticələr göstərirdim. Yaxınlarım, özüm və müəllimlərim qəbul imtahanında nəticəmin 700 bal olacağına əmin idik.
- İmtahanda 600 baldan yüksək nəticəni göstərmək üçün abituriyent hansı öhdəlikləri üzərinə götürməlidir?
-Məncə, abituriyent nəzəri bilikləri mənimsəməklə yanaşı, imtahan üçün psixoloji hazırlıqlı olmalı və maksimal nəticəyə inanmalıdır. İmtahanda yüksək nəticə göstərmək istəyən abituriyent zamanın düzgün bölünməsinin önəmini dərk edə bilməlidir. İxtisas seçiminə gəlincə, özünün marağı olan və əmək bazarında tələbat olan ixtisaslara üstünlük verməlidir.
- Niyə məhz bu ixtisası və BANM-i seçdin və bu seçimi etdikdə hansı məqsədləri qarşına qoydun?
-Texniki fənlərə marağım olduğundan mühəndis olacağıma əvvəldən qərar vermişdim. Təhsilimin son dönəmində isə “Kimya mühəndisliyi”nin neft, qida, kosmetologiya, ekologiya, farmakologiya kimi çox geniş sahələrdə fəaliyyət imkanı verdiyini öyrəndikdən sonra məhz bu ixtisasi seçdim. Azərbaycanda bu ixtisasın ən yaxşı BANM-də tədris olunduğunu düşünürəm. Bu seçimimi edərkən təhsilimi davam etdirəcəyimi, cəmiyyət və dünya üçün faydalı bir fərd olmağı qarşıma məqsəd qoymuşam.
- Adətən deyirlər ki, texniki sahə və mühəndislik peşəsi kişilərə aid sənətdir. Bu barədə nə düşünürsən və bu sahəyə marağın hardan yaranıb?
-Gender bərabərliyindən danışılan dünyada və ölkədə hansısa ixtisasın qadınlara yaraşmadığı fikri ilə razı ola bilmərəm. Cinsindən asılı olmayaraq hər bir insanın sevdiyi işlə məşğul olmaq haqqı var. Yüksək ixtisaslı, peşəkar, savadı və bacarığı ilə örnək ola biləcək qadınlar cəmiyyətin bu stereotipini dəyişməlidir. Ailə üzvlərimin arasında mühəndislərin olması məni doğru seçim etməyə yönləndirib.
- BANM-də ali təhsil almaq arzusunda olan abituriyentlərə nə məsləhət görərdin? Buradakı təhsili necə dəyərləndirirsən?
-İlk növbədə, belə bir arzusu olan abituriyent qəbul imtahanından çox yüksək nəticə göstərməli olduğunu bilməlidir. Bundan başqa nəzərə almalıdır ki, informatika və dil biliklərini inkişaf etdirməlidir. Fikrimcə, pedaqoji heyətin səviyyəsinə və texniki imkanlarına görə BANM ölkədə ən yaxşı ali təhsil müəssisəsidir
- Boş vaxtlarında nə ilə məşğul olursan? Hansı əlavə məşğuliyyətlərin və hobbin var?
- Rəsm çəkməyi, üzməyi, film izləməyi sevirəm. Səyahət etməyi çox sevirəm, düşünürəm ki, təhsilimi bitirdikdən sonra səyahət etməyə daha çox imkanım olacaq. Uşaqlıqdan professional şəkildə milli rəqslə məşğul olmuşam.
- Özünü gələcəkdə harda görürsən və gələcək üçün planların?
- Məzun olduqdan sonra dünyanın böyük şirkətlərindən birində kimya mühəndisi kimi çalışıb təcrübə toplamaq istəyirəm. Gələcəyə dair planım isə ölkəmizdə ekoloji təmiz uşaq qidası istehsal edən şirkət qurmaqdır.

Report.az

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov