Firuz Abduyev 1998-ci ildə Bakı şəhərində anadan olub. 2015-ci ildə Türkiyə Diyanət Vəqfi Bakı Türk liseyini bitirib. Hazırda Qafqaz Universitetinin kompüter mühəndisliyi fakültəsinin tələbəsidir.
- Firuz, orta məktəb illərində dərslərini hazırlayarkən evdə sənə kömək edən olurdumu?
- Bəli. Valideynlərimin mənə böyük dəstəyi olub. Atam fizika müəllimidir. IX-X siniflərdə o, mənimlə çox ciddi məşğul olub. Amma XI sinifdə məktəbdə kompleks şəkildə hazırlaşdığıma görə atam mənimlə o qədər də məşğul ola bilmirdi. Əslində buna ehtiyac da yox idi. İmtahanlar yaxınlaşanda isə yenidən birlikdə məşğul olurduq. Çox səylə hazırlaşdığım üçün zəhmətim hədər getmədi.
- İxtisas seçərkən çətinlik çəkmədin ki?
- Əsla yox. Düzdür, XI sinfə qədər bir neçə dəfə öz seçimimi dəyişmişəm. XI sinifdə isə qəti qərar verdim ki, bu ixtisası seçim. Kompüter mühəndisliyi ixtisası mənim ən çox sevdiyim və həvəsim olan sahədir. Müasir kompüter texnologiyalarına yaxşı yiyələnmək o deməkdir ki, sən dünyanın hər bir nöqtəsində işlə təmin oluna bilərsən. Təki gözəl mütəxəssis olasan.
- Yaxşı mütəxəssis olmaq üçün savad vacibdir, bacarıq, yoxsa fitri istedad?
- Hər üçü vacibdir və onlar bir-biri ilə zəncirvari şəkildə bağlıdır. Bunlara nail olmaq üçünsə çoxlu oxumaq, dərin elmi biliklərə yiyələnmək vacibdir. Bu sahədə fitri istedada malik olmaq isə gələcəkdə ixtiraçı alimlik dərəcəsi almağa zəmin yarada bilər. Çünki bu sahədə fitri istedadı elmi nailiyyət kimi qəbul etmək olar.
- Ümumiyyətlə, texniki sahəyə marağın nə vaxtdan yaranıb?
- Uşaq vaxtından fizika fənninə böyük maraq göstərmişəm. Riyaziyyat bütün elmlərin açarı olduğu kimi, fizika elmi də mühəndisliyin açarıdır. Bütün fənləri yaxşı oxumağımla yanaşı fizika fənni üzrə keçirilən bilik yarışmaşında iştirak etmişəm və həmişə də uğur qazanmışam. XI sinifdən isə ancaq I qrup üzrə hazırlaşıb, nəticədə 700 bal toplamağa müvəffəq olmuşam.
- Sənin üçün həftənin hansı günləri önəmlidir?
- (Bir az gülümsünərək). İstirahət günlərini həmişə səbirsizliklə gözləyirəm. Dostlarım da mənim kimi düşünürlər. Çünki həftənin qalan günləri həddindən artıq gərgin olur.
- Deyirlər ki, dost çətin gündə sınanır. Çətin və kədərli günlərin olubmu?
- Adını söyləmək istəmədiyim bir sinif yoldaşımın yüksək bal toplaya bilmədiyinə görə çox heyfsiləndim. Çünki o da mənim kimi çox ciddi hazırlaşırdı, amma... O ki qaldı çətin günə, onu hələ şükürlər olsun yaşamamışam. Məncə insan ən çətin problemini belə özü həll etməyə çalışmalıdır. Başqasına yük olmağı qətiyyən xoşlamıram.
- Uğur sözünü tez-tez işlədirik, uğur sənin üçün nədir?
- Uğura gedən yolda məqsəd aydın olmalıdır. Onda onu həyata keçirmək də asan olar. Çalışqan olmaq lazımdır ki, uğur qazanasan. İnsan özünə güvənməlidir. O, yalnız özünü gördüyü sahədə uğur qazana bilər. Yüksək nəticə toplayıb Qafqaz Universitetinə qəbul olmuşamsa, bu mənim uğurumdur.
- Sinif yoldaşlarından ali məktəblərə qəbul olanlar varmı?
- Bəli, demək olar ki, hamısı müxtəlif ali məktəblərə qəbul olunublar. Mənimlə bir sinifdə təhsil alan Nərmin Əliyeva və Teymur İsmixanov 700 bal toplayaraq “ADA” Universitetinə qəbul olunublar.
- İdmanla məşğul olursanmı?
- Xeyr, olmuram. Düzü, buna heç vaxt da ayıra bilmirəm. Yəqin ki, gələcəkdə məşğul olacağam, çünki idman sağlamlığın rəhnidir.
- Hobbin nədir?
- Boş vaxtım olanda bədii ədəbiyyat oxuyuram. Musiqi dinləməyi də çox xoşlayıram. Klassik musiqiləri, muğamları çox sevirəm.
- Elə dərs olubmu ki, onu sadəcə yola vermisən?
- Əlbəttə olub. Belə hallar daha çox məktəb illərində olurdu. İndi də universitetdə hərdən verilən tapşırığı eləmədiyim vaxtlar olur. Bu, müəyyən mənada əhvali-ruhiyyə ilə bağlıdır. İnsanın əhvalı yaxşı olmayanda, ümumiyyətlə, süstləşir, əlini ağdan- qaraya vurmaq istəmir.
- Tələbə dərnəklərinin üzvüsənmi?
- Qafqaz fizika klubunun üzvüyəm. İclaslara və seminarlara gedirəm. Bu, olduqca vacibdir. Ümumiyyətlə, kollektiv arasında olmaq insanı düzgün formalaşmağa yönəldir.
- Qrupunuzda xarici tələbə varmı, onlarla ünsiyyət qura bilirsənmi?
- Xeyr, yoxdur. Amma ingilis dili kursuna gedirəm. Çalışıram ki, ingilis dilini mükəmməl öyrənim.
- Universitetinizin mədəni həyatı özünəməxsusluğu ilə seçilir, müxtəlif sahələr üzrə yeni istedadların yetişməsi üçün işgüzar şərait yaradılıb.
- Bizim universitetdə tələbələrin hərtərəfli yetişməsinə xüsusi diqqət yetirilir. İncəsənətin müxtəlif sahələri üzrə istedadların yetişməsi üçün münbit şərait yaradılıb. Müasir dövrümüzdə mənəvi-əxlaqi normaların bütün səviyyələrdə qorunması burada təmin olunur. Tələbələr tərəfindən əyləncə və bayram proqramları, xatirə və yaradıcılıq gecələri təşkil olunur, yüksək bacarıq və qabiliyyət nümayiş etdirilir. Arabir mən də belə tədbirlərdə iştirak edirəm.
- Təhsilini xarici ölkədə davam etdirmək istərdinmi?
- Bu, tək mənim yox, hər bir tələbənin arzusudur. Hər kəs kimi mənim də arzum xarici ölkələrin birində təhsilimi davam etdirməkdir.
- Prezident təqaüdçüsü Firuz üçün karyeranın zirvəsi haradadır?
- Hər kəs çalışdığı sahənin mahir bilicisi olmalıdır. Belə olarsa işinə də yüksək qiymət verilər və karyeran da pillə-pillə öz yerini dəyişər. İnsanlıqdan yüksək vəzifə ola bilməz. Mən həmişə o zirvəni fəth etməyə çalışacağam.