|
|
700 bal toplayan tələbə Kamran Abdulrəhimovla söhbət
Kamran Abdulrəhimov 1997-ci ildə Kürdəmir rayonunda anadan olub. 2015-ci ildə Türkiyə Diyanət Vəqfi Bakı Türk liseyini bitirib. Çoxlu sayda sertifikatlara və tərifnamələrə layiq görülüb. Hazırda Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsində təhsil alır. Onunla BDU-da həmsöhbət oldum. Səmimi və mehriban bir gəncdir. Verdiyim sualları cavablandıranda yüksək əxlaqi keyfiyyətlər nümayiş etdirirdi. Ən böyük uğurum Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəbələrə keçirdiyi qəbul imtahanlarında 700 bal toplamağım oldu,- söylədi və gülə-gülə sözünə davam etdi. - Həmin gün mənim həyatımda ən unudulmaz bir gün oldu. Özümü dünyanın ən xoşbəxt gənci sayırdım. Çünki illərlə çəkdiyim əziyyət hədər getmədi, müəllimlərimin, valideynlərimin arzusu həyata keçmişdi. Doğrusu, onda keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm.
- Adətən uşaqlıq və yeniyetməlik dövründə oğlanlar polis , prokuror olmaq arzusu ilə yaşayırlar. Sən necə, belə hisslər yaşamısanmı?
- Yuxarı siniflərdə oxuyanda hər birimizi belə bir sual düşündürür: hansı peşənin ardınca getməli? Bu, çox məsuliyyətli bir seçimdir. İnsan elə sənət, elə peşə seçməlidir ki, həm özünün bu peşəyə sevgisi, məhəbbəti olsun, həm də həmin sənət və peşə ilə xalqına, cəmiyyətə xeyir verə bilsin. Hər kəs bacardığı işdən yapışmalı, gücü çata biləcək ixtisası seçməlidir. Arzuya çatmaq üçün də əziyyət çəkmək, ağır zəhmətə qatlaşmaq, yaxşı oxumaq lazımdır. Doğru deyirsiniz mənim də uşaqlıq arzum idi hüquqşünas olmaq.
Bu peşəyə məni ən çox həvəsləndirən “Mehman” filmi oldu. Qarşıma hüquqşünas olmaq məqsədi qoydum. İnsanların hüquqlarını qorumağa, cinayətkarları isə cəzalandırmağa daha çox önəm verməyi qərarlaşdırdım. İnsan öz sənətinin mahir bilicisi olmaqla yanaşı onu sevdirməyi də bacarmalıdır. Hüquqşünaslıq peşəsi həm məsuliyyətli, həm də şərəflidir. Özümə söz verdim ki, əgər bu peşəyə yiyələnsəm, saf əməllərimlə etimadı doğruldacağam. İxtisasım üzrə çalışdığım sahələrdə həmişə ədalət prinsipinə yiyələnəcəyəm, vətəndaşların hörmət və ehtiramını, sevgisini qazanacağam. Aldığım tərbiyə kifayət edir deyəm ki, saflıq, təmizlik devizimdir.
- 700 bal topladığını biləndə sevincini öncə kimlərlə bölüşdün?
- Valideynlərimlə. Nəticələr elan olunduqdan sonra valideynlərimə saysız-hesabsız təbriklər gəldi. Bu sevinci onlara yaşatdığım üçün fərəh hissi keçirirdim.
- BDU-nun tələbəsi özünü xoşbəxt sayırmı?
- Açığını deyim ki, BDU-nun tələbəsi olmaq ən ümdə arzum idi. Buna görə də özümü ikiqat xoşbəxt sayıram. Artıq tələbəlik həyatına uyğunlaşmışam. “Debat “ klubunun üzvüyəm. Klubda müxtəlif mövzular ətrafında müzakirələr aparırıq. Çalışıram burada da birincilər sırasında olum. Hələ ki, ümidləri doğrulduram. Qəbul zamanı qazandığım yüksək bal məsuliyyətimi birə-beş artırıb. Mənim zəif oxumağa haqqım yoxdur.
- Bu gün ali məktəb auditoriyalarında professorların mühazirələrini dinlədiyin zaman orta məktəb müəllimlərini xatırlayırsanmı?
- Orta məktəb müəllimlərini unutmaq olarmı?! Onlar savadlı, tələbkar müəllimlər idilər. Ali məktəb müəllimləri isə daha dərin elmi biliklər aşılayırlar. Demək olar ki, hamısı alimlik dərəcəsi olan pedaqoqlardır. Onların da mühazirələrini diqqətlə dinləyir, seminarlarda fəallıq nümayiş etdirirəm.
- Artıq semestr imtahanlarına çox az vaxt qalır...
- Şübhəsiz, ali məktəb proqramı çox mürəkkəbdir. Mühazirələrdə çox diqqətli oluram ki, sabah veriləcək sualların qarşısında aciz qalmayım.
- Prezident təqaüdünə layiq görüldün, bu, çox böyük bir etimaddır.
- Bunu dərindən dərk edirəm və bu etimadı hökmən doğruldacağam. Möhtərəm cənab Prezident İlham Əliyevə biz tələbələrə dəstək olduğuna görə təşəkkürümü bildirirəm.
- İxtisasın üzrə karyera qurmaq üçün nə etməlisən?
- Arzularım çoxdur. İlk olaraq hüquqşünaslıq ixtisasına yiyələnməyi, təhsilimi davam etdirməyi, daha sonra isə karyeramı qurmağı düşünürəm. Ümumiyyətlə, hüquq elmi, ələlxüsus kriminalistika sahəsi olduqca maraqlıdır. Bu elmə dərindən yiyələnməyə çalışacağam.
- Təhsilini Dövlət Proqramı ilə xaricdə davam etdirmək istərdinmi?
- Bu, təkcə mənim deyil, bütün tələbələrin arzusudur. Magistratura pilləsini Dövlət Proqramına uyğun olaraq xarici ölkələrin birində davam etdirə bilsəm çox sevinərəm.
- Gələcəkdə seçdiyin sahədə uğurlar qazanacağına əminsənmi?
- Hər hansı bir uğurun arxasında zəhmət, gərgin əmək durur. Arzular yalnız onda reallaşır ki, insan ona nail olmaq üçün səylə çalışır, əziyyət çəkir.
- Dostluqda sadiqsənmi?
- Dostluqda sadiqlik son dərəcə vacibdir. Gərək sədaqət nümayiş etdirəsən ki, dost qazana biləsən. Hər hansı bir kiçik səhv dostluğun pozulmasına səbəb ola bilər. Dostlarımla münasibətdə səhvə yol verməməyə çalışıram.
- Ürəyinin odunu, gözlərinin nurunu müstəqil Azərbaycanın işıqlı gələcəyi üçün layiqli nəsil yetişdirməyə sərf edən müəllimlərinə nə arzulardın?
- Müəllim şagirdlərinin yaxın dostu, sirdaşıdır. Yetirmələrinin gələcəyi üçün narahat olan, onları həyatda daim düzgün addım atmağa istiqamətləndirən ilahi bir varlıqdır. Müəllim təkcə özünün deyil, həm də hər bir şagirdinin taleyini yaşayır-sevinci, kədəri, problemləri ilə birgə. Müəllim yalnız sinifdə olduğu 45 dəqiqəni yox, bütün ömrünü şagirdləri ilə paylaşır. Müəllim söylədiyiniz kimi, gözünün nurunu, qəlbinin odunu şagirdlərinə verir. Onlara uzun ömür, cansağlığı arzulayıram. Şam kimi əriyən ömürlərinin nuru daim parlaq olsun. Əbədi abidədir ürəyimdə müəllimə məhəbbət.
|
|
|