internetdə

saytda

.: MƏTBUAT HAQQIMIZDA :.  
 

"MÜƏLLİMLƏRİM HƏMİŞƏ DEYİRDİ Kİ, SƏN 700 BAL TOPLAYACAQSAN"
05.12.2014

 
 

Qəbul imtahanının rekordçusu Fatimeyizəhra Nəbizadə ilə söhbət

"Magistr təhsilimi Amerikanın Kaliforniya ştatında almaq və Azərbaycana qayıdıb dərs demək istəyirəm" 

Bu sözləri 2014-cü il qəbul imtahanlarında maksimum nəticə göstərən və adı ilə də diqqət mərkəzində olan Fatimeyizəhra Nəbizadədən eşidirəm. Redaksiyamıza qonaq olan Fatimeyizəhra Nəbizadədən tələbəlik həyatı və dərsləri barədə söhbətə başlayırıq.

- İstərdik ki, səni tanıyaq.

- 1997-ci ildə Bakı şəhərində doğulmuşam. "Türkiyə Diyanət Vəqfi" liseyinin məzunuyam. TQDK-nın qəbul imtahanında 700 bal topladım. Qafqaz Universitetinin "Kimya mühəndisliyi" ixtisasını seçdim. Qəbula 3 il həm təhsil aldığım liseydə, həm də "Araz" kurslarında hazırlaşmışam. Ailədə 5 nəfərik - atam, anam, bacım, qardaşım və mən. Atam energetika mühəndisi, anam isə tibb bacısıdır.  Qardaşım  Türkiyədə təhsil alıb, o da mühəndisdir. Bacım tibb təhsili alıb və Türkiyədə təhsilini davam etdirir.

- Dostların səni necə tanıyır?

-  Dostlarım məni çox oxuyan kimi tanıyır.

- Xarakterin necədir, hansı mənfi və müsbət xüsusiyyətlərin var?

- Sevmədiyim xüsusiyyətim çox emosional olmağımdır. Hər şeyə tez reaksiya verirəm. Sevdiyim xüsusiyyətim məqsədimə çatmağa çalışmağımdır.

- "Həmişə məqsədlərinə çatasan"- deyib, mühəndis olmağa necə qərar verməsi ilə maraqlanırıq:

- Atam və qardaşım mühəndisdir. Ən sevdiyim fənnim isə fizikadır. Bütün bu amillər seçimimə çox kömək etdi. 8-ci sinifdən qərar verdim ki, mühəndis olacağam. Anam və bacım tibb sahəsində olsa da, bacımın çətinliklərini görürdüm. Həm də o sahə mənə görə deyildi.

- Ailən seçiminə qarışıb?

- Ailəm daima mənə dəstək olub. Seçimi mənə buraxıblar.

- Məktəbdə müəllimlərinin ixtisas seçimində köməyi olub?

- Örnək götürdüyüm müəllimlərim çox idi.  Amma mənim üçün fizika-riyaziyyat müəllimlərimin yeri ayrı olub. Müəllimlərim həmişə deyirdi ki, sən 700 bal toplayacaqsan.

- Ali məktəbə hazırlıq mərhələsi zamanı dərslərində ailənin hansı köməkliyi olub?

- Atam, qardaşım dərslərimdə kömək edirdilər. Amma dərslərimi demək olar həmişə özüm hazırlamışam.

- Tələbə adını qazanmaq üçün hazırlıq kursuna getmək mütləqdirmi?

- Bu fərdidir. Şagirdin özündən asılıdır. Məktəbdəki dərslərini oxusa uğur əldə edə bilər. Amma yüksək nəticə üçün hazırlıq olmalıdır.

- Qəbul imtahanlarında, yaxud ali məktəblərdə nələrin dəyişməsini istəyirsən?

- Düşünürəm ki, çalışmaqla 700 bal toplamaq olar. Qəbul imtahanı nə çətin, nə də asan deyil. Amma universitetlərdə çoxlu yeniliklərin olmasını, tələbələrin təcrübəsi üçün daha yaxşı şəraitin, geniş imkanların yaradılmasını istəyirəm. Universiteti bitirib işə qəbul olanda təcrübə daha çox önəm daşıyır, nəinki oxuduğun dərslər.

Əvvəldə də qeyd etdiyimiz kimi, onun balı ilə yanaşı adı da diqqət mərkəzində idi. Bu adın qoyulma tarixini soruşuruq:

- (gülür) Adımı anam qoyub. Yuxu görüb, deyiblər qızın olacaq. O da mənə bu adı verib.

Adı fərqli olan bu qızın tələbə həyatı necədir? Tələbəliyi şagirdlikdən nə fərqləndirir? Bütün bunlar barədə danışmağa başlayırıq:

- Tələbəlik mənim üçün yenidir. Tam öyrəşə bilmirəm. Universitet, dərslər yaxşıdır. Zaman-zaman məktəb vaxtına qayıtmaq, şagird olmaq istəyirəm. Məktəb vaxtı daha əyləncəli, qayğısız idi. Həm də mən ətrafıma tam uyğunlaşa bilməmişəm.

- Bəlkə sakitliyindən irəli gəlir?

- Mən liseyə qəbul olanda da eyni problem yaşamışdım. Sonralar öyrəşdim.

- Sosiallaşa bilmədiyini deyirsən. Sosiallaşmaq üçün nə edirsən?

- Universitetdə tanıdıqlarım çoxdur. Bu mənə öyrəşməyə kömək edir.

- Dərslərdə hansı problemlərin var?

- Hələ ki, hazırlıq kursundayam. Ancaq ingilis dili keçirik. İxtisasa hazırlıqdır bu. Dil də elə bir şeydir ki, gündəlik onunla məşğul olmalısan. Dərslərim yaxşıdır. Qarşıdan imtahanlar gəlir. Həftəlik sınaqlarda nəticələrim yaxşıdır. Amma daha yüksək olmağına çalışıram.

- Tələbə kimi tədbirlərdə iştirak edirsən?

- Tələbəlik daha məsuliyyətlidir. Hər addımını məqsədin üçün atmalısan. Universitetdə klublar var. Mən də akademiya klubuna üzv olmuşam. Bu, tələbələr üçün seminarlar təşkil edən bir klubdur.

- Dərsdən sonrakı vaxtını necə dəyərləndirirsən?

- Arada bir gəzməyə gedirəm. Ailəmlə vaxt keçirirəm. Dərslərimi hazırlayıram. Saz çalmaq istəyirəm. Öyrənmək üçün universitet nəzdində kluba yazılmışam.

- Niyə saz?

- Mən özüm Qazaxlıyam. Ailəlikcə aşıq musiqisini sevirik. 

- Sazdan başqa nəyə marağın var?

- Futbolu izləyirəm. "Fənərbaxça"nın azarkeşiyəm.

- Futbol oynamısan?

- Çox az.
Gələcəyin mühəndisinin gələcək planları ilə maraqlanırıq:

- Amerikada Kaliforniya ştatında ixtisasım üzrə magistr təhsili almaq istəyirəm. Sonra universitetə qayıdıb müəllim, akademik fəaliyyət göstərəcəyəm. Mən hətta fikirləşirdim ki, bakalavr dönəmində bir-iki illik gedim xaricdə oxuyum. Amma düşündüm ki, magistr daha məqsədəuyğundur.

Söhbət əsnasında tələbə yerinə bir neçə dəfə şagird deyən birinci kurs tələbəsi və gələcəyin mühəndisinə qonağımız olduğu üçün təşəkkür edib, onunla sağollaşırıq. 

"Azərbaycan müəllimi" qəzeti

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov