Kadir Bektaşoğlu: «Şəffaf
qəbul, ciddi nizam-intizam bu nəticənin əldə olunmasına rəvac verib»
Azərbaycanda hər il məktəb tikintisinə milyonlarla vəsait ayrılır. Hər bir məktəbdə verilən təhsilin səviyyəsi isə şagirdlərin göstərdiyi nəticədən asılıdır. Amma müasir üslubda tikilən və ən son avadanlıqlarla təchiz olunan məktəblərimizi bitirən abituriyentlərin hər il təxminən 30 faizi 100 baldan aşağı nəticə göstərir. Bu il ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayan 5 abituriyentdən 3-nün təhsil aldığı Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin binası isə yuxarıda qeyd etdiyimiz standartlardan bəlkə də tam cavab vermir. 700 bal toplayaraq tələbə adını qazanan gənclərimizlə görüşümüz məktəb direktorunun otağında baş tutdu. Bu otaq Azərbaycan məktəblərində rastlaşdığımız direktor otaqlarından xeyli fərqli idi. Bakı Dövlət Universitetinin xarici tələbələrinin yataqxanası kimi istifadə olunan binanın bir küncündə yerləşən direktorun otağı artıq uçulub dağılmaq üzrə olması nəzərimizdən yayınmasa da, söhbətə məktəbin əldə etdiyi uğuru ilə başladıq.
- Qədir müəllim 700 bal toplayan 5 abituriyentdən 3-nün bu məktəbin məzunu olması böyük uğurdur. Təbii ki bu uğur uzun illərin zəhmətinin nəticəsidir.
- Bizim məktəbə şagird qəbulu 5-ci sinifdən başlayır. Yeddi il müddətində şagirdlərin təlim-tərbiyəsi ilə ciddi məşğul olur, hər gününə, hər anına nəzarət edirik. Həmçinin məktəbə şagird qəbulu tam şəffaf şəraitdə imtahanla aparılır. Şəffaf qəbul, ciddi nizam-intizam, valideyn, müdiriyyət, şagird və müəllim kollektivinin birgə əməyi bu nəticənin əldə olunmasına rəvac verib. 2012-ci ildə ali məktəbə sənəd verən minlərlə abituriyentdən cəmi 5 nəfərin 700 bal toplaması, onlardan da 3 nəfərinin bizim liseyin məzunu olması, əlbəttə bizi sevindirir. İkinci ixtisas qrupu üzrə keçirilən imtahanın nəticəsinə görə Bakı Türk Liseyinin məzunu Nərgiz Məzahirqızı 700 bal toplayaraq respublika birincisi olub. IV qrup imtahanlarda isə Kamran Həmidov və Kamil Sərdarlı 700 bal toplayıb. Qəbul imtahanlarında iştirak edən 69 məzundan 3 nəfəri 700 bal olmaqla 32 (46 faiz) məzun 600-dan çox bal toplayıb. I qrup üzrə Taleh Nuri, IV qrup üzrə Pərviz Kərimli ölkə ikincisi olub. Bu nailiyyətlərdə məktəb kollektivi şagird və valideynlərin də rolu böyükdür. Amma bu təsadüfi deyil. Bundan öncə 2009 və 2010-cu illərdə də məktəbimizin 3 məzunu 700 bal toplayıb. Ümumilikdə məktəbimizin 12 illik məzuniyyət dönəmində 11 nəfər məzunumuz fərqli-fərqli ixtisaslarda respublika birincisi olub. Buna görə də əldə etdiyimiz bu uğur nə təsadüfidir, nə də sürpriz. Biz şagirdlərimizdən belə bir nailiyyət gözləyirdik.
LİSEYİMİZ AZƏRBAYCANLI ŞAGİRDLƏRƏ TAM PULSUZ TƏHSİL VERİR
- Azərbaycanda minlərlə orta məktəb var. Eyni zamanda digər ölkələrin, həmçinin qardaş Türkiyənin də liseyləri şagirdlərimizə təhsil verir. Amma indiyədək heç bir məktəbin 3 məzunu bir tədris ilində 700 bal toplamayıb.
- Nəinki 3 nəfər, heç 2 məzunu 700 bal toplayan məktəblər də olmayıb. İki nəfər 700 bal toplaması nəticəsi də 2012-ci ildə bizə aid idi. Amma bizim digər Azərbaycan orta məktəblərindən və türk liseylərindən ayıran xüsusi cəhətlərimiz yoxdur. Yalnız onu deyə bilərəm ki, Bakı Türk Liseyi Türkiyədəki xeyirsevən insanların maliyyələşdirdiyi bir məktəbdir. Türkiyə Dəyanət Vəqfi tərəfindən maliyyələşdirilən liseyimiz azərbaycanlı şagirdlərə tam pulsuz təhsil verir. Digər türk liseylərindən fərqli olaraq bizim məktəbin bütün şagird və müəllim kollektivi azərbaycanlılardır. Yalnız məktəb direktoru Türkiyə Cümhuriyyəti vətəndaşıdır. Biz bu ölkənin insanlarına inanaraq və güvənərək necə böyük nailiyyət əldə etməyin mümkünlüyünü hər kəsə göstərdik. Təbii ki, bu nailiyyətin əldə olunması da 5-ci sinifdən şagirdlərin imtahanla seçilməsi kimi müəllimlərin də seçiminin böyük önəmi var. Bakı Türk Liseyində müəllimlər də seçilərək işə qəbul olunur. Məktəbə gəldikdən sonra müəllimlərin kollektivlə uyğunlaşması, pedaqoji təcrübəsi, şagirdlə ünsiyyəti, biliyi şagirdlərə çatdırması kimi xüsusiyyətlərə xüsusi önəm verilir. Əgər müəllim bacarıqlı olursa və yuxarıda göstərilən keyfiyyətlərə cavab verirsə, istənilən qədər dərs saatı alır və işini davam etdirir. Ancaq çox təcrübəli bir müəllim bizim şagirdlərimizlə ünsiyyət qura bilmirsə çox anlaşıqlı bir şəkildə vidalaşırıq və onun yerinə başqa bir müəllim işə götürülür. Məktəbimizdə müəllimlərin şagirdlərin ünsiyyəti və biliyini şagirdlərə çatdıra bilmək bacarığı xüsusi önəm daşıyır.
- Azərbaycanda belə bir rəy formalaşıb ki, abituriyent repititor yanında hazırlaşmırsa, yüksək nəticə əldə edə bilməz.
- Mən çox qısa olaraq bildirim ki, belə bir hal mövcuddur. Mən Türkiyə Cümhuriyyəti vətəndaşıyam və bizim ölkəmizdə də abituriyent 11-ci sinifdən sonra fərdi şəkildə müəllimlə hazırlaşmağa üstünlük verir. Bizim məktəbimizin yüksək nailiyyət əldə edən şagirdlərimizin 90 faizi öz liseyimizdə olan hazırlıq kurslarında hazırlaşıb. Həmin şagirdlər dərslərdən sonra təşkil olunan hazırlıq kurslarında iştirak edir. Əgər abituriyent istəyirsə əlavə hazırlıq kurslarında da iştirak edə bilər. Bizim 700 bal toplayan şagirdlərimizdən ikisi tam olaraq məktəbimizdə hazırlaşan gənclərdir. Yalnız bir nəfər ikinci ixtisas qrupunda respublika birincisi olan qızımız Araz hazırlıq kurslarında da iştirak edib. Amma bizim şagirdlərin nailiyyətlərinin 90 faizi 5-ci sinifdən 11-ci sinifə qədər liseyimizdə olan təlim-tərbiyənin nəticəsidir.
- Sizin məktəbdə şagirdlərin tədris edilən proqramlar və dərsliklərin xüsusi bir fərqliliyi varmı?
- Bizim tədris etdiyimiz proqram Təhsil Nazirliyi tərəfindən təsdiq edilən və digər orta məktəblərdə də tədris olunan eyni proqramdır. Dərsliklərimiz də təmamilə eynidir. Məncə, nailiyyət və uğurun əsas göstəricisi yüksək nizam-intizam və müəllimlərin fədakarlıqla çalışmasıdır. Şagirdlərin də müəllimlərin fədakarlıqlarına eyni formada cavab verməsidir.
- Qeyd etdiniz ki, bundan öncə də yüksək nəticələr qazanmısınız. Azərbaycanda fəaliyyət göstərən hər hansı bir məktəb olubmu ki, Sizin təcrübənizdən yararlanmaq istəsin?
- Çox səmimi deyirəm ki, onlarla məktəb direktoru, məktəblərdə fəaliyyət göstərən insanlar təcrübə qazanmaq üçün deyil, amma maraqlandıqları üçün məktəbimizə gəlib buradakı təlim prosesi ilə tanış olublar. Onlara həmişə bir cavabı vermişik ki, həmin məktəblər daha köklü təhsil ocaqları olduğu üçün biz onların təcrübəsini öyrənməliyik. Bizim onlara verə biləcəyimiz hər hansı təcrübə və ya bilik yoxdur. Yalnız onu deyə bilərəm ki, biz sadəcə bir sistem qurmuşuq, müəllimlərimiz və şagirdlərimiz Azərbaycan vətəndaşlarıdır, güclü nizam-intizam və fədakarlıqla belə bir nailiyyət qazanmaq mümkündür.
ŞAGİRD QƏBULUNDA İMKANLARIMIZ MƏHDUDDUR
- Məktəbinizdə ə nə qədər şagird təhsil alır və bu kontingentin gələcəkdə artırılması imkanları mövcuddurmu?
- Hazırda məktəbimizdə 820 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 110 müəllim məşğul olur. Çox təəssüf olsun ki, şagird qəbulunda imkanlarımız məhduddur. Bu gün fəaliyyət göstərdiyimiz məktəb vaxtil Bakı Dövlət Universitetinin xarici tələbələri üçün yataqaxanası olub. Bura məktəb binası deyil. Bunun nəticəsində məktəbimizdə çox ciddi darısqallıq var. Bu il 4-cü sinifdən şagird qəbulu zamanı 1500 nəfər sənət vermişdi. Onlardan 102 nəfərini məktəbə qəbul edə bildik. Bu anlamda şagird qəbulunda limit əlbəttə var. Əgər məktəbimizdə yerlə bağlı problem həll olunsa, daha çox şagirdə təhsil verə bilərik. İnanıram ki, dövlət böyüklərimizin də dəstəyi ilə yaxın vaxtlarda yeni bir məktəb binası hazırlanacaq.
- Biz bir çox məktəblərdə olmuşuq. Adətən məktəb direktorunun otaqları dəbdəbəli olur, Sizdə isə tamam əksinə görünür.
- Bizim üçün bunların heç bir əhəmiyyəti yoxdur. Əsas məqsədimiz şagirdlərin tərbiyəsi, vətənpərvər olması, xarakterli olmaları və nəaliyyət əldə etmələridir. Bunun xaricində bizim hansı şəraitdə işləməyimiz, özümüzün hansı şərtlərlə yaşamağımız, tərbiyə və inanc anlayışımıza görə o qədər də əhəimiyyət daşımır. Şagirdlərimiz nə qədər vətənpərvər, nə qədər nailiyyət əldə edə bilirlərsə, buna biz yalnız sevinirik.
- Yerlə bağlı hansısa dövlət qurumlarına müraciət etmisinizmi?
- İndiyədək rəsmi heç bir müraciət etməmişik. Amma bu tədris ili başlayanda məktəb kollektivi və valideyn komitəsi adından belə bir müraciət etməyi düşünürük. Bizim əsas düşüncəmiz birinci qız və oğlanların eyni bir sinifdə təhsil almalarına imkan yaradılması, ikincisi isə, şəhərin hər hansı bir yerində marşrut və metro ilə şagirdlərin gediş-gəlişinin asan olduğu bir yerdə məktəb tikintisidir. Əgər şagirdin savadı varsa, qız və oğlan olmasından asılı olmayaraq bizim məktəbdə təhsil ala bilər. Belə bir şərait olarsa, Türkiyə Dəyanət Vəqfi çox qısa bir zamanda çox möhtəşəm bir məktəbi azərbaycanlı qardaşlarına hədiyyə edə bilər. Bir məsələni də qeyd edim ki, mən öz övladımı da türk liseylərinə deyil, Azərbaycan məktəbində oxuduram. Əgər gələcəkdə imtahanda iştirak edib uğur qazanarsa Bakı Türk Liseyində təhsil ala bilər.
- Respublika birincisi olan şagirdləriniz hansı universitetlərdə təhsil alacaqlarını dəqiqləşdiriblər?
- II ixtisas qrupunda respublika birincisi olan qızımız Qafqaz Universitetində dünya iqtisadiyyatı üzrə təhsil alacaq. Dördüncü ixtisas qrupu üzrə respublika birincisi olan şagirdlərimiz isə xaricdə təhsil almağı düşünürlər. Onların əsas məqsədi xaricdə yüksək təhsil alıb bacarıqlı tibb xadimi kimi ölkəmizə xidmət etməkdir. Yəqin ki, onlar bir il Azərbaycanda təhsil alaraq sonradan xaricə göndəriləcək. Kanada, Türkiyə, Almaniya kimi ölkələrinin birində təhsillərini davam etdirəcəklər.
Nərgiz Məzahirqızı
- II qrup üzrə 700 bal toplamışam. Bu nailiyyətimə görə valideynlərimə və müəllimlərimə borcluyam. Özüm də bu nəaliyyəti əldə etmək üçün xeyli əziyyət çəkmişəm. Buna görə də suallar o qədər də çətin olmadı. Mən 1-4-cü sinifdə başqa məktəbdə təhsil almışdım. BakıTürk liseyi ilə həmin məktəb arasında əsas fərq burada yüksək nizam-intizam qaydalarının olması və şagird-müəllim münasibətlərinin yüksək səviyyədə olması ilə bağlıdır. Ali təhsil almaq üçün Qafqaz Universitetini seçəcəm.
Kamil Sərdarlı
- 1-4-cü siniflərdə Atatürk liseyində təhsil almışam. Yəqin ki, I kursda Azərbaycan Tibb Universitetində təhsil alacam. Amma əsas məqsədim xaricdə təhsilimi davam etdirməkdir.
Kamran Həmidov