internetdə

saytda

.: MƏTBUAT HAQQIMIZDA :.  
 

700 BAL TOPLAYAN ABİTURİYENT YATAQXANADA YAŞAYIR
29.07.2010

 
 
Aydan Həsənova: “Ən böyük arzum ev almaqdır” Ali məktəblərə yenicə başa çatan qəbul imtahanlarında 7 abituriyent test kitabçasındakı 125 sualın hamısına düzgün cavab verməklə 700 bal toplayıb. Ali məktəblərə 4-cü ixtisas qrupu üzrə isə 3 abituriyent 700 bal yığıb. İmtahanda yüksək nəticə göstərən Aydan Həsənova da tələbə adını qazanmağın sevincini yaşayır. İmtahanda uğur əldə etmək hər bir abituriyentin arzusudur. Ancaq bu nailiyyət heç də asan qazanılmır.
Yüksək nəticə əldə etmək üçün abituriyentlər ilk növbədə qarşılarına məqsəd qoymalıdır. Necə ki, bunu Aydan Həsənova edib. Bakı Türk Liseyinin məzunu olan Aydan sual kitabçasındakı 125 sualın hamısını düzgün cavablandıraraq 700 bal toplayıb. Aydan bu uğrunda müəllimlərinin daha çox əməyi olduğunu deyir. Ancaq qazandığı nailiyyətin onun üçün gözlənilən olduğunu bildirir. Azərbaycan Dövlət Tibb Universitetində müalicə işi fakültəsində ali təhsil almaq istəyən Aydanın əsas məqsədi yaxşı cərrah olmaqdı. Aydan ailənin yeganə övladıdır. O, ailəsi ilə birlikdə aspirantların yataqxanasında yaşayır. Aydanın atası 13 ildir ki, vəfat edib. Anası Sevinc xanım isə İnformasiya Texnologiya Universitetində sektor müdiri işləyir. O, qızı ilə fəxr etdiyini dedi. Qazandığı nailiyyətlə bağlı özü bunları dedi.
- Cəmi bir il biologiya və kimya fənnindən repetitor yanına getmişəm. Fizikadan isə iki ay getmişəm. Gördüm uşaqlar gedir mən də həvəsləndim.
 - Necə fikirləşirsən, orta məktəb təhsili ilə universitetə qəbul olmaq olar?
- Mən liseydə oxumuşam. Oradakı təhsilin səviyyəsi isə çox yüksəkdir. Məktəblərdəki təhsilin səviyyəsindən xəbərim yoxdur. Yəni mən repetitor yanına getməsəm də universitetə daxil ola bilərdim. Sadəcə uşaqlar getdiyi üçün mən də həvəsləndim. Amma sinfimizdə elə uşaqlar var ki, heç müəllim yanına getmirdilər, universitetə daxil oldular. Hətta sinif yoldaşlarımdan biri repetitor yanına getməyə-getməyə 685 bal yığdı.
 - Neçə ildir ki, yataqxanada yaşayırsınız?
- 10 ildir ki, burada yaşayırıq. Anam İnformasiya Texnologiya Universitetində işləyir. Atam rəhmətə gedəndən sonra ailə vəziyyətimizə görə bizə yataqxanada ev verdilər. Əvvəllər kirayədə qalırdıq. Ev almağa hələ ki, imkanımız yoxdur.
 - Yataqxana şəraitində yaşamaq dərs oxumağına mane olmurdu?
- Mən öncə anama təşəkkür edirəm ki, dərs oxumağım üçün mənə hər bir şərait yaradırdı. Məlumdur ki, yataqxana səsli-küylü yer olur. Bu səbəbdən də mən özümü elə öyrəşdirmişəm ki, televizor izləyə-izləyə dərs oxuyuram.
 - Sinfinizdən neçə uşaq universitetə daxil olub?
- Bizim sinfimizdə 500-dən aşağı bal toplayan yoxdu. Hamı bir nəfər kimi universitetə daxil olub. Uşaqların çoxu oxumaq üçün Türkiyəni seçiblər.  
- Bəs sən nə yaxşı Türkiyəni seçmədin?
- Mən Almaniyada oxumaq istəyirəm. Türkiyəni seçsəydim getməmək hüququm yox idi. Amma burda oxusam, bir ildən sonra Almaniyaya getmək imkanım var.
- Niyə Almaniya?
- Xaricdə təhsilin səviyyəsi daha yüksəkdir.
Ola bilər ki, burda da yaxşı təhsil alasan, amma praktika üçün ideal şərait yoxdur. Təhsil almaq üçün Almaniyanı seçsəm də, işləmək üçün Azərbaycana qayıdacağam. Azərbaycanda anadan olmusansa Azərbaycan üçün də çalışmalısan. Bu bizim məktəbimizin devizidir, hər birimiz buna əməl etməliyik.
- 700 bal yığacağını gözləyirdin?
- Sinif yoldaşlarım inanırdılar ki, maksimal bal yığacağam. Əslində mənim üçün fərqi yoxdur. Hansı qrup üzrə versəydim bu nəticəni göstərəcəkdim. Yəni qruplara bölünsək də fənlər arasında ayrı-seçkilik salmamışam. Hamısını eyni səviyyədə mənimsəməyə çalışmışam.  
 
- Hər il qəbul imtahanlarından sonra Təhsil Nazirliyi bəyan edir ki, TQDK qəsdən sualları çətinləşdirir. Bu fikirlə razısanmı?
- Bu fikir mənim də diqqətimi çəkmişdi. Amma imtahandan sonra əmin oldum ki, bu heç də belə deyil. Bütün suallar orta təhsil proqramında olan dərsliklərdəndir.
- Özün dediyin kimi, rüşvətin olmadığı bir yerdə oxumusan. Amma Azərbaycan reallığından xəbərdarsan...
- Həyatda ən zəhləm gedən şey rüşvətdi. Amma deyirlər öz savadı ilə oxuyan tələbələri mənəvi cəhətdən çox əzirlər. Bilmirəm, ola bilər ki, məcburiyyət qarşısında qalıb rüşvət verərəm. Amma dediyim kimi, təhsil aldığım liseydə bir manat da pul keçmir. Əksinə, bayramlarda yaxşı oxuyan şagirdlər simvolik olaraq pul ilə mükafatlandırılırdılar. 
- Nəticələr elan olunduqdan sonra kimlər sənə hədiyə aldı?
- Ən böyük hədiyyəni anam etdi. Limitsiz internet açdırdı.
Aydanın ən böyük arzusu ev almaqdır: “ Ən çox iki arzuma çatmağı istəyirəm. Birincisi ev almaq, ikincisi isə Almaniyada təhsil almaq”.
Qeyd edək ki, 1-ci ixtisas qrupu üzrə 700 bal toplayan Nəriman Məmmədli də Aydan Həsənova ilə bir məktəbdə təhsil alıb. 

"Müsavat" qəzeti

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov