internetdə

saytda

   
 

“MÜHAZİRƏLƏRDƏ İŞTİRAK ƏKSƏR HALLARDA SƏRBƏSTDİR”
20.02.2016

 
 

 

Böyük Britaniyanın London İmperial Kollecinin tələbəsi Nəriman Məmmədli ilə söhbət
Nəriman Məmmədli 1992-ci ildə Bakı şəhərində anadan olub. 2010-cu ildə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyini bitirib. Ali məktəblərə keçirilən qəbul imtahanlarında 700 bal toplayaraq Qafqaz Universitetinin informasiya texnologiyalari fakültəsinə daxil olub. 2010-2015-ci illərdə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Kanadanın Toronto Universitetində kompüter mühəndisliyi üzrə təhsil alıb. Hazırda Dövlət Proqramı çərçivəsində süni intellekt ixtisası üzrə Böyük Britaniyanın London İmperial Kollecində magistr təhsili alır.
“Ən çox maraqlandığım fənlər riyaziyyat və fizika olub”
- Orta məktəbin ibtidai mərhələsində əldə etdiyim təməl biliklər sonrakı illərdə uğurlu təhsil almağımda və ixtisas seçimimdə mənim üçün çox faydalı oldu. İbtidai sinif müəllimim Solmaz xanımın məsləhəti ilə məzunlarının təhsil nailiyyətləri ilə seçilən Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində oxumağım mənim elmin sirlərinə dərindən yiyələnməyimdə həlledici oldu. Orta məktəb dövrlərində beynəlxalq olimpiadalara qatılmasam da respublika fənn olimpiadalarında və yarışmalarda iştirak edərək mükafatlar əldə etmişəm. Ən çox maraqlandığım fənlər riyaziyyat və fizika olub. İxtisas seçimimə gəlincə demək istəyirəm ki, süni intellekt sahəsinə maraq bu elmlə elə ilk tanışlığımda yarandı. Sonradan oxuduğum bəzi kitablar və onlayn dərslər bu marağı daha da gücləndirdi və məni dünyanın məşhur elm mərkəzlərindən olan Londona gətirdi. Süni intellekt sahəsi çox geniş sahədir, burada riyaziyyat, neyro elmlər, kompüter elmləri və hətta fəlsəfə bir araya gəlir.
“VIII sinifdən xaricdə təhsil barədə düşünürdüm”
- Mən bakalavr təhsilimi Dövlət Proqramı ilə Kanadada almışam. Xaricdə təhsil haqqında artıq VIII sinifdə oxuyarkən fikirləşməyə başlamışdım. Sonradan bu qərarımda daha da ciddi oldum. Bu qərarda məktəb müəllimlərimin və valideynlərin də rolu böyükdür. Bundan başqa, xaricdə tamamilə fərqli mühit məni özümü daha yaxşı tanımağıma kömək edə bilərdi. Digər faktorlarsa təhsilin keyfiyyəti, fərqli millətlərdən olan tələbələrlə və həmçinin xaricdə təhsil alan digər azərbaycanlı gənclərlə ömürlük sürəcək dostluq, yeni biliklər, həyata yeni baxış imkanları idi. Buna görə də xaricdə təhsil almaq arzumu reallaşdırmaq üçün Azərbaycan gənclərinin dünyanın nüfuzlu universitetlərində yüksək biliklər əldə etməsinə imkan verən Dövlət Proqramına üz tutdum. Zənnimcə, bu layihə Azərbaycanın gələcəyi naminə atılmış ən dəyərli və düşünülmüş addımdır. Hazırda azərbaycanlı gənclər dünyanın ən yaxşı universitetlərində fərqli sahələrdə təhsil alır və ya artıq təhsillərini başa vurublar. Bu tələbələr Azərbaycanda potensial iqtisadi, elmi və sosial sıçrayışa səbəb ola biləcək gücdədirlər. Bu istedadlı gənclər Azərbaycan xalqının ən dəyərli sərvətidir. Dövlət Proqramında iki dəfə iştirak etmişəm və deyə bilərəm ki, proses ərzində heç bir problemlə qarşılaşmamışam. İkinci müraciətimdə artıq prosesdə bəzi yeniliklər var idi. Məsələn, namizədlər müsahibə mərhələsindən keçməli idi. Müsahibədə iştirak etmiş bir tələbə kimi deyə bilərəm ki, verilən suallar adətən keyfiyyətli və ixtisas haqqında həqiqətən dərindən biliyi və intuisiyası olanların cavab verə biləcəyi suallar idi. Ən maraqlı an müsahibə prosesində heç gözləmədiyim halda süni intellektin fəlsəfəsinə dair sual eşitmək idi.
Son illərdə ali məktəblərimizdə aparılan müsbət dəyişikliklərdən və bəzi yeni universitetlərin açılmasından xəbərdaram. Əlbəttə, sürətlə inkişaf edən dünya ilə ancaq daim islahatlar və dəyişikliklər sayəsində ayaqlaşmaq mümkündür. Orta məktəblərdə oxuyan uşaqların elmə maraqları artırılmalıdır.
“Mütaliəyə münasibətim əlbəttə müsbətdir”
- Tələbə həyatım sakit keçir, seçdiyim proqram birillik olduğuna görə qısa zaman kəsiyində çox informasiya mənimsəməli oluram. Boş vaxtlarımda adətən sahəmlə ilk baxışdan çox da əlaqəsi olmayan elmi kitablar oxuyur və öyrəndiyim məsələlər üzərində fikirləşirəm. Mütaliəyə münasibətim əlbəttə müsbətdir, amma düşünürəm ki, kitab seçərkən diqqətli olmaq lazımdır. Fikrimcə, kitabı oxumağa başlamazdan əvvəlki “mən” ilə bitirəndən sonrakı “mən” arasında fərq olmalıdır. Bu fərq müsbət olmalı və dünyaya baxışı daha da genişləndirməlidir. Təhsil aldığım ölkəyə adaptasiyada problem yaşamadım, çünki artıq 4 il oxşar mədəniyyətə və insanlara sahib olan Kanadada yaşamışdım. London dünyanın elm, incəsənət mərkəzlərindən biri sayılır. Londonda istənilən zövqə uyğun məşğuliyyət tapmaq mümkündür. Şəhər multikulturaldır, burada dünyanın müxtəlif mədəniyyətlərindən olan insanlar yaşayır. Şəhərin xarici görünüşü çox gözəldir. Ümumilikdə buranın insanları haqda fikirlərim müsbətdir. Tələbələr arasındakı münasibət rəqabətə yox, qarşılıqlı dəstəyə əsaslanıb.
Azərbaycan dilində “Elmi Spektr” jurnalı nəşr olunur
- London İmperial Kolleci Böyük Britaniyanın və dünyanın ən yaxşı universitetlərindən sayılır. Bu ali məktəbdə xoşuma gələn ən önəmli nüans təhsil ocağında stresin minimum olmasıdır. Tədris prosesi daha çox öyrənməyə, yeni biliklər kəşf etməyə yönlənib. Seçdiyim ixtisas çox sürətlə öz təsirini insan həyatının bütün aspektlərinə göstərməyə başlayır və bu hal növbəti on illikdə daha da güclənəcək. Yay semestri ərzində proqramın bir hissəsi olaraq riyazi sosiologiya sahəsində layihəyə başlayacağam.
Universitet həm də tədqiqat mərkəzidir və bəzi professorların əsas işi tədqiqatdır. Ümumilikdə professorlar əllərindən gələni edirlər ki, tələbələr materialı dərindən başa düşsünlər. Lakin bütün professorlardan razı qalmaq mümkün deyil. Çünki öyrətmək özü bir bacarıqdır və hər professor bunun öhdəsindən yaxşı gələ bilmir.
Mühazirələrdə iştirak əksər hallarda sərbəstdir. Bu da ona imkan verir ki, auditoriyalarda yalnız dərsə həqiqətən marağı olanlar əyləşsinlər. İnteraktiv mühit tələbələrə mühazirə gedişində professorlara öz suallarını verməyə imkan yaradır. İmtahan yazılı keçirilir. Test imtahanları mənim ixtisas proqramımda mövcud deyil.
Elə buradaca qeyd edək ki, Nəriman Məmmədli xaricdə təhsil alan digər azərbaycanlı tələbələrlə birlikdə bu yaxınlarda Azərbaycan dilində “Elmi Spektr” jurnalının nəşrinə nail ola bilib. Artıq jurnalın 2 sayı buraxılıb. Belə bir jurnalın dünyanın elm-tədqiqat mərkəzlərindən olan London kimi bir şəhərdə araya-ərsəyə gəlməsinin özü də gənclərimizin yüksək istedadından xəbər verir.
“Gələcəkdə elmi tədqiqatla məşğul olmaq istəyirəm”
- Oxuduğum süni intellekt sahəsini bir neçə cümlə ilə belə izah etmək olar. Süni intellektin ilkin ilham mənbəyi insan beyni olub. Amma sonradan bəzi şaxələnmələr baş verib. Hazırda bu sahəni 3 yerə bölmək olar. Statistik modelləşdirmə - burada əsas hədəf böyük verilənlər bazasındakı qanunauyğunluqları tapmaq və onları (məsələn, kompüterin insan sifətini tanıması və ya son 10 ildəki iqlim hadisələrindəki ortaq trend, yəni riyazi qanunauyğunluq və s. çeşidləməkdir. Məntiq-əsaslı süni intellekt- burada insan beynin məntiqi mühakimələrini oyrənir və onun mexanikləşdirilməsinə çalışılır. Məsələn, maşına müəyyən faktlar verilir və maşın spesifik məntiqi mühakimələr işlətməklə həmin faktlardan yeni faktlar yaradır. 3-cüsü neyro-elmlərlə əlaqəlidir, bu hissədə insan beyninin anatomiyası və funksiyaları yaxından öyrənilir və onun kompüter modelləri hazırlanır. Azərbaycan üçün mümkün dividendlərə gəldikdə isə, bu sahə demək olar ki, həyatın, sənayenin istənilən sahəsinə tətbiq olunur. Artıq növbəti 20-30 ildə demək olar ki, bütün sənaye, tibb süni intellektin təsiri altında olacaq. Hərbi sahədə ağıllı silahlar, tibdə ağıllı aparatlar, ağıllı maşınlar və s. Qarşıda duran hədəflərə gəlincə, gələcəkdə öz sahəm üzrə elmi tədqiqatla məşğul olmaq istəyirəm.

"Azərbaycan müəllimi"

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov