internetdə

saytda

   
 

“ELMİ KİÇİK ƏYLƏNCƏLƏRƏ QURBAN VERMƏK OLMAZ” –“UĞUR FORMULU”
05.02.2016

 
 

 

Təhsil Nazirliyi və Lent.azinformasiya agentliyinin birgə layihəsi
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Gəncliyin uğur formulu” layihəsinin qonağı Kanadanın Toronto Universitetinin tələbəsi Nicat Əhmədzadədir
N.Əhmədzadə Kanadanın Toronto Universitetində iqtisadiyyat ixtisası üzrə bakalavriat səviyyəsində təhsilini davam etdirir.
- Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu?
- Xarici ölkədə təhsil almağım mənə bir çox üstünlüklər qazandırır. Dünyanın ən yaxşı universitetlərindən birində oxumaq qürurverici olmaqla yanaşı, həm də məsuliyyətlidir. Həmçinin, yaxşı təhsil almaq və ixtisası dərindən öyrənmək zövqvericidir. Ümidləri doğrultmaq məsələsinə gəldikdə isə, deyə bilərəm ki, “artıqlaması ilə”. Belə ki, tanınmış professorlardan dərs almaq sadəcə çox gözəl və möhtəşəm bir hissdir.
- İxtisasınızla bağlı ilk mərhələdə hansı kitabları seçmisiniz?
- İlk semestrdə götürdüyüm dərslərin hamısı ixtisas fənləri olduğundan elə həmin fənlərin dərs kitablarını əsas material kimi istifadə etmişəm. Bundan əlavə, onlayn resursların da ilk aylarda çox köməyi dəyib. İndi də bəzən ehtiyac olanda istifadə edirəm. Əsasən, dünyaca məşhur khanacademy-ni (https://www.khanacademy.org) ixtisasından asılı olmayaraq bütün tələbələrə məsləhət görərdim. Ümid edirəm ki, gələcəkdə ixtisasım haqda dərin biliyə sahib olduqdan sonra maraq dairəmi genişləndirərək ixtisasımla əlaqəli daha çox ədəbiyyat oxuya biləcəyəm.
- Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız?
- Əslində hesab etmirəm ki, hazırda oxuduğum Toronto Universiteti və 1 il təhsil aldığım Qafqaz Universiteti arasında sırf təhsil baxımından böyük fərq var. Bu səbəbdən bura yeni gələndə də bu barədə düşünmüş və niyə dünya reytinqində və universitetlərin uğurları arasında bu qədər fərq yarandığını araşdırmağa çalışmışdım. Sonda bu nəticəyə gəldim ki, əsas məsələ təhsil sistemi ilə əlaqəlidir.
Bizim təhsil sistemində əzbərçilik mühüm yer tutur, ancaq aparıcı universitetlərdə dərsi başa düşmək əsasdır. Məsələn, riyaziyyat imtahanı zamanı son vərəqdə bütün düsturlar yazılır, ancaq əsas məsələ hansı düsturun necə istifadə olunmasını bilməkdən ibarətdir. İnanın ki, dərsi tam başa düşməyən tələbə o düsturlara baxsa da, məsələləri həll edə bilmir.
Növbəti məsələ isə tələbə həyatıdır. Burda bütün gününü universitetdə keçirməyə şərait var. Universitet tələbələrə tam sərbəstlik verir. Bizim universitetlərdə böyük bəla olan “qayıb” anlayışı burda yoxdur. Niyə də olsun? Tələbə imtahan verəcək sonunda.
Düşünürəm ki, müəllimlərin əsas vəzifələrindən biri tələbəyə kömək etməkdir. Bəzi hallarda kobud davranmaq və ya özünü tələbədən üstün tutmaq sadəcə mənasızdır. Əsl müəllim kömək istəyəndə və ya nə isə soruşanda səmimi davranır, kömək etməyə çalışır.
Müəllim-tələbə münasibətlərində hər hansı neqativ hal isə tədris mühitinə mənfi təsir göstərir, tələbələr universiteti sevmirlər və həvəslənmirlər. Belə olduqda isə yüksək akademik göstəricidən söhbət gedə bilməz.
Bu fikirləri deməklə mən universitetlərimizi pisləmək istəmirəm. Sadəcə olaraq bəzi kiçik problemlər aradan qaldırılmalıdır.
- Təhsil aldığınız ölkəyə Azərbaycanla bağlı hansı materialları aparmısınız?
- Düzünü deyim ki, bura Azərbaycanla bağlı gətirdiyim yalnız ölkəmə bağlılığım və doğma Vətənə olan hisslərimdir. Məncə elə əsas olan da budur. Mən məhz şəxsi biliklərim və ölkəmizin zəngin tarixi-mədəni potensialına istinad etməyim sayəsində burda bir çox tələbəyə Azərbaycanı tanıtmışam. Etnik mənşəyimizdən tutmuş, sərhədlərimizə, coğrafiyamıza və problemlərimizə qədər danışmışam, bacardığım qədər Vətənimi təbliğ etmişəm. Məncə xarici ölkədəki hər bir soydaşımızın da başlıca vəzifəsi bu olmalıdır.
- Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz?
- Məncə tam aydındır ki, indi elm dövrüdür. Belə ki, yalnız elmlə ölkəmizi dünyada tanıda, Azərbaycanın inkişafına töhfə verə bilərik. Mən çox təəssüflənirəm ki, bizim dünyaca məşhur alimlərimiz, yazıçılarımız barmaqla sayıla biləcək qədərdir. Axı nə üçün kiçik ölkə Sent Lüsiyadan (Derek Uolkot), Nigeriyadan (Vole Şoyinka), ya da Belarusdan (Svetlana Aleksyeviç) ədəbiyyat üzrə Nobel mükafatçısı var, ancaq Azərbaycandan yox!? Banqladeşli iqtisadçı Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus da başqa bir misaldır. Yəni, bir sözlə, gənclərimizə və dostlarıma elmi sevməyi, onu kiçik əyləncələrə görə qurban verməməyi məsləhət görürəm. Əgər bu sahədə istedadınız varsa, məhv olmasına imkan verməyin. Bəlkə də məhz iradə zəifliyinə görə, heç özləri də bilmədən neçə-neçə istedad məhv olur. Sonda fikrimi Məhəmməd peyğəmbərin sözü ilə yekunlaşdırmaq istərdim: “Elm Çində belə olsa, arxasınca gedin”.
- Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?
- Qeyd etdiyim kimi, burda müəllim-tələbə münasibətləri ideala yaxındır. Müəllimlər maksimum dərəcədə tələbəyə köməkçi olmağa çalışırlar. Sırf bunun üçün “office hour”lar mövcuddur.
- Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı?
- Mən bura gəlməzdən əvvəl bilmirdim ki, Ontario əyalətinin və ümumiyyətlə Kanadanın cənubunun böyük hissəsini 1970-80-cı illərdə bura gəlmiş immiqrantlar təşkil edir. Yaşadığım şəhərdə yerli kanadalı tapmaq müşkülə çevrilib. Burda bir çox millətlərin nümayəndəsini bir arada görmək olar. Belə ki, öz vətəndaşlarının əcnəbi olduğu şəhərdə əcnəbi tələbə olmaq elə də çətin olmur. Hətta deyərdim ki, o qədər çinli və hindistanlı var ki, kanadalıya ən çox elə biz - azərbaycanlı tələbələr bənzəyirik.
- Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz?
- Əvvəldə qeyd etdiyim kimi, sırf təhsil cəhətdən bizim geridə olduğumuzu sanmıram. Elə bir dövrdə yaşayırıq ki, hər bir informasiyanı onlayn rejimdə ala bilərik. Elə burdaki dərslikləri də onlayn tapmaq, oxumaq və öyrənmək olar. Hətta bəzi portallarda dərsi başa salan videolar da var. Bir sözlə, istənilən informasiya əlçatmaz deyil. Təhsilimizdə də böyük problemlər yoxdur. Sadəcə bəzi müəllimlərin kobudluğu düzəlsə və tələbəyə daha çox yardımçı olmağa çalışsalar, həmçinin, təsisat olaraq universitetdə tələbəyə kömək edilsə, (məsələn, Torontoda kitabxana 24 saat açıqdır) daha yüksək səviyyəyə çatacağımıza və daha intellektual gələcəyimizin olacağına əminəm.
- Çətinlikləriniz varmı?
- Kanada mənim ölkəmizdən ilk çıxışımdır. Nəzərə alsaq ki, Azərbaycan və Kanada mədəniyyəti, həyat tərzi fərqlidir, əlbəttə ki, müəyyən adaptasiya problemləri olurdu. Həmçinin, buraya dərslər başlayandan bir qədər gec gəlməyim də müəyyən çətinliklər yaratdı. Ancaq əlbəttə ki, bütün bunlar ilk ay ərzində aradan qalxdı.
- Asudə vaxtınızda nə ilə məşğul olursunuz?
- Asudə vaxtlarımı əsasən universitet kitabxanasında keçirməyi sevirəm. Həmçinin, filmləri, idman proqramlarını və ölkəmizdə keçirilən intellektual yarışları izləyirəm. Çünki özüm də Azərbaycanda intellektual yarışlarda uğurlu iştirakçılardan biri olmuşam.

 

Lent.az

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov